Ruhumda yar üçün yenə sevda calalı var

Ruhumda yar üçün yenə sevda calalı var
Müəllif: Hüseyn Cavid
Tərcümə edən:M.Soltan

Ruhumda yar üçün yenə sevda calalı var,
Hüsnündə gör onun necə Yusif camalı var!
Açmışdı qol-qanad yenə şəhbazı təbimin,
Eşqin fəzası övcünə uçmaq xəyalı var.
Yəqub kimi kor oldu gözüm ağlamaqla, ah,
Çün Yusifin fəraqı ucundan məlalı var.
Ay üzlü yarımın qədi bir sərvdir səhi,
Üzdə — günəş, qaşında gözəl cüt hilalı var.
Səhvən qədinə sərv dedim, sərv bağlıdır,
Yaqut ləblərində onun mey xisalı var.
Almış xumar gözləri səbrü qərarımı,
Etmiş şikar könlümü, qətl ehtimalı var.
Qəddim əgildi ol sənəmin əgri zülfü tək,
Qəlbim əsiri oldu o zülfün, zəvalı var.
Zahid! Nəsihətin bizə lazım deyil, burax,
Yarın dodaqlarında da kövsər zülalı var.
Gülçinə yar vəsli behiştdən də yaxşıdır,
Çox söyləmə ki, orda pərilər vüsalı var.