Ruru haqqında hekayət

Nağıllar. Ruru haqqında hekayət
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir gün qandharvların padşahı Vişvavasu gözəl-göyçək Menakayla rastlaşdı və onlar bir-birlərinə könül verdilər. Onlar xoşbəxt həyat sürürdülər, nəhayət, doqquz ay doqquz günün tamamında Menaka qeyri-adi dərəcədə gözəl bir qız doğdu. Ana körpə çağasını zahid Sthulakeşinin meşədəki iqamətgahının yaxınlığından axan çayın sahilinə qoydu və çıxıb getdi. Zahid qumluğa atılmış kimsəsiz körpəni gördü, ona yazığı gəldi, doğma balası kimi böyütməyə və tərbiyə verməyə başladı. Menakanın qızı böyüyüb ərsəyə çatandan sonra onun gözəlliyinin şöhrəti aləmə yayıldı. Ağıllı və quzu kimi sakit qızın gözəlliyi, xoşxasiyyəti zahidin qəlbinə sevinc gətirirdi, buna görə də zahid qıza Pramadvara, yəni Sevinc gətirən adını qoydu.

Günlərin bir günü Pramatinin oğlu, ulu müdrik Çyavanın və Sukanin nəvəsi Ruru qızı gördü, bir könüldən min könülə ona vuruldu. Ruru Pramadvaranı sevdiyini atasına dedi, ata zahidin qapısına elçiliyə getdi. Zahid razılığını verdi və valideynlər toy gününü müəyyənləşdirdilər.

Toy gününə az qalmışdı, Pramadvara rəfiqələrilə meşədə oynayırdı, onun deyib-gülməyə başı elə qarışmışdı ki, qıvrılıb ağacın kölgəliyində yatan ilanı görmədi və ilanı tapdaladı, həmin andaca ilan qızın yalın ayağını sancdı. İlan vurmuş qız min ilin ölüsü kimi yerə sərildi. Amma Pramadvaranın ölüsü də qəşəngiydi, sağlığında olduğundan qat-qat qəşəngiydi.

Sthulakeşa qızın meyitini meşədən tapdı. Başqa zahidlər və meşə sakinləri cənazənin yanına yığışdılar, ağlaşma qurdular. Ruru isə bu dərdə dözə bilmədi, baş götürüb, cəzirəyə yollandı. O, dərdli-dərdli meşədə dolaşırdı, ürəyi isə nişanlısının yanındaydı. Ruru dua edib yalvarmağa başladı:

– Ey tanrılar, toyqabağı ölüm mənim nişanlımı əlimdən aldı, ilan sancmasından ölmüş nişanlım torpağa sərilibdi. Uşaq yaşlarımdan yolumu azmamışam. Bəs, mənə mükafat düşmürmü? Ey qadir tanrılar, mənim göyçək Pramadvarımı özümə qaytarın!

Tanrıların Ruruya yazıqları gəldi və onun yanına carçı göndərdilər. Səma carçısı dedi:

– Ey Ruru, nahaq ağlayırsan və şikayətlənirsən. İşıqlı dünyada yaşayanların ancaq bir həyatı var, həmin həyat uçub gedəndən sonra sözlə dərdi azalda bilməzsən. Amma tanrıların müəyyənləşdirdikləri bir vasitə var: əgər fədakarlıq göstərib, həmin vasitədən istifadə eləsən Pramadvaranı geri qaytara bilərsən. Ömrünün yarısını ona bəxş elə və sənin nişanlın diriləcəkdir! Ruru səma carçısının cavabında dedi:

– Ey səma carçılarının ən yaxşısı, mən ömrümün yarısını həvəslə nişanlıma bəxş edirəm. Təki o, əvvəlki kimi cavan olsun, məni əvvəlki kimi sevsin! Ruru sözünü qurtaran kimi sevgilisi yuxudan təzəcə qalxan adamlar kimi ayağa durdu. Qızın dirilməsindən onun atalığı da, Ruru da, Pramati də, bütün zahidlər və meşə sakinləri də şənləndilər. Tanrı Yama Rurunun nişanlısına həyat bəxş elədi, amma Pramatinin oğlunun ömrünü yarıbayarı azaltdı.

Xoş günlərin birində Ruru ilə Pramadvarının toyunu çaldılar və onlar xoşbəxt həyat sürməyə başladılar. Nişanlısını ağır qurban hesabına dirildən Ruru həmin vaxtdan bütün ilanları qıracağına söz verdi. Ruru harda ilan görürdüsə, amansızcasına başını əzirdi. Bir gün o, meşədə zəhərsiz dundubha ilanı gördü, onun başını əzmək üçün ağır dəyənəyi yuxarı qaldırdı, amma ilan dilə gəlib aman dilədi:

– İnsanlara heç bir ziyanım dəymədiyi halda məni niyə öldürmək istəyirsən? Sən görünüşünə və iyisinə görə zəhərli ilanlara oxşayan zərərsiz dundubhları öldürməməlisən.

İlan öz həyatını Ruruya danışdı. Dedi ki, vaxtilə adamıydım, müdrikiydim və meşəlikdəki iqamətgahda bir dostum zahidlə yaşayırdım. Bir gün dostumla zarafatlaşmaq istədim və onu qorxutmaq üçün otdan ilan düzəltdim. Dostum qorxusundan huşunu itirdi, özünə gələndən sonra əsəbi halda mənə lənətlər yağdırdı: “Məni qorxutmaq üçün zəhərsiz ilan düzəltdin, səni görüm, özün zəhərsiz ilana çevriləsən”. Sonra yumşaldı və əlavə elədi: “Pramatinin oğlu zahid Ruru ilə rastlaşdığın gün bu lənət üstündən götürüləcək!”

İlan həyatını Ruruya danışıb qurtaran kimi, lənət onun üstündən götürüldü və o, yenidən adama çevrildi. O, Ruruya dedi: “Ey nəcib zahid, ilanları qırmağın daşını at! Brahman qan tökməməlidi; canlı məxluqa yamanlıq eləməmək onun üçün ali qanun olmalıdı!” Müdrikin sözləri Rurunu inandırdı, o, həmin gündən ilanları qırmaqdan əl çəkdi.