Söylə (Bayat Abbas)

Söylə
Müəllif: Bayat Abbas
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5


Dedim: dilbər bir sözüm var
Dedi: durma, rəvan söylə.
Dedim: gəl başına dönüm
Dedi: eldən nihan söylə.

Dedim: al geymiş əcəbdir
Dedi: nişanı əzabdır.
Dedim: qaşların mehrabdır
Dedi: əbrü kaman söylə.

Dedim: nə qəddi-qamətdir?
Dedi: billəm, qiyamətdir.
Dedim: ləblərin şərbətdir
Dedi: abi-həyat söylə.

Dedim: kakilin mişgandır
Dedi: küfr demə, dindir.
Dedim: camalın günmüdür?
Dedi: mahi-təban söylə.

Dedim: könlümdə nə səsdir,
Dedi: dildara həvəsdir.
Dedim ki, Bayat Abbasdır,
Dedi ki, açıban söylə.