Söylə hardasan
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Əcayib sevdaya düşdüm, allahım,
Ölürəm, ilqarım söylə, hardasan?
Bilmirəm dilbərim nədi günahım,
Təbibim, loğmanım, söylə, hardasan?

Bir bağban olmuşam, bağ bar gətirmir,
Əkdiyim gülləri torpaq bitirmir,
Mən çəkən yükü heç fil də götürmür,
Ey nazlı ceyranım söylə, hardasan?

Sevdasız günlərim yadıma düşür,
Cismim də, ruhum da, titrəyir üşür,
Hər dəfə ömrümdən bir yarpaq düşür,
Xınalı maralım, söylə, hardasan?

Axtardım sevdamı günüm il oldu,
Hara qədəm qoydum ora, gül oldu,
Heydər eşq odunda yandı kül oldu,
Mehriban soltanım, söylə, hardasan?