Söz (Füzuli)
Söz Müəllif: Məhəmməd Füzuli |
Xəlqə ağzın sirrini hərdəm qılır izhar söz,
Ol nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.
Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.
Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.
Bir nigari-ənbərinxətdir könüllər almağa,
Göstərər hərdəm niqabi-qeybdən rüxsar söz.
Xazini-gəncineyi-əsrardır, hərdəm çəkər
Rişteyi-izharə min-min gövhəri-əsrar söz.
Olmayan qəvvasi-bəhri-mərifət arif degil
Kim, sədəf tərkibi-təndir, lölöi-şəhvar söz.
Gər çox istərsən, Füzuli, izzətin, az et sözü
Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.