Sübh salıb mah rüxündən niqab
Sübh salıb mah rüxündən niqab Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.63. |
Sübh salıb mah rüxündən niqab,
Çıx ki, təmaşayə çıxa afitab!
Rişteyi-canım yetər et bir gireh,
Salma səri-zülfi-səmənsayə tab.
Məst çıxıb, salma nəzər hər yana,
Görmə rəva kim, ola aləm xərab.
Kəsmə nəzər canibi-üşşaqdən,
Naleyi-dilsuzdan et ictinab.
Şamlər əncüm sayıram sübhədək,
Ey şəbi-hicrin mənə ruzi-hesab.
Duzəxə girməz sitəmindən yanan,
Qabili-cənnət degil əhli-əzab.
Saldı ayaqdan qəmi-aləm məni,
Ver mənə qəm dəf’inə, saqi, şərab!
Rəhm qıl üftadələrin halinə,
Hiç gərəkməzmi sənə bir səvab?
Yar sual etsə ki, halın nədir,
Xəstə Füzuli, nə verərsən cəvab?