Süluki-fəqr ətvarım, məzaqi-eşq halımdır
Süluki-fəqr ətvarım, məzaqi-eşq halımdır Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.134. |
Süluki-fəqr ətvarım, məzaqi-eşq halımdır,
Təcərrüd aləmi seyrində aləm payimalımdır.
Xəyalımda budur kim, bulmuşam aləmdə bir xilqət,
Nə aləm, hansı xilqət, sandığm batil xəyalımdır.
Cünun feyzilə azad olmuşam qeydi-əlayiqdən,
Kəmalü fəzl tərki, rütbeyi-fəzlü kəmalımdır.
Mənəm şəm’i-vüsalə yandıran pərvanəvəş varın,
Fənayi-mütləqim canan ilə bəzmi-vüsalımdır.
Təbiba, qılmışam təşxis, dərdi-eşqdir dərdim,
Əlamət ahi-sərdü ruyi-zərdü əşki-alımdır.
Həvadən mövcə gəlmiş bəhri-dərdəm, şahidi-halım
Dili-püriztirabü naleyi-bie’tidalımdır.
Füzuli, aləmi-fəqrü fənadə mün’imi-vəqtəm,
Diyari-məskənət, nəqdi-qənaət mülkü malımdır.