Sünbüli-zülfünün əgər qonşusu lalə düşməyə

Sünbüli-zülfünün əgər qonşusu lalə düşməyə
Müəllif: İmadəddin Nəsimi

Sünbüli-zülfünün əgər qonşusu lalə düşməyə,
Almaya kimsə könlünü, şiveyi-alə düşməyə.

Surəti-həqsən, ey qəmər, pərdəsiz eylə üzünü,
Ta büti-azəri yazan nəqşi-xəyalə düşməyə.

Sovməə əhlini üzün də’vət edərsə gər meyə,
Zahid əlindən ayruq ol cami-piyalə düşməyə.

Yüz ilə qaşını necə vəsf edə ya bəyan qıla,
Şol ki, anın nikahı ol bədrü hilalə düşməyə.

Xalü xətin qələm kimi şərh edərəm ki, bir dəxi
Sərzəniş eyləyən məni cürmü vəbalə düşməyə.

Sünbülünü gül üstünə qoyma ki, yeli dağıda,
Ta ki, xəyali-xam edən fikri-məhalə düşməyə.

Xal ilə ənbərin saçın dal ilə nüqtədir, vəli,
Kim deyə zal, əgər bənin nüqtəsi dalə düşməyə.

Fitnə qara gözün məni-məsti məlalət eylədi,
Şol qədəhi kim içə kim, varə bu halə düşməyə?

Pərdədə yaşır, ey qəmər, üzünü ta ki, münkirin
Kəmnəzəri bunun kimi hüsnü cəmalə düşməyə.

Qüdrət əli əgər üzün nəqşini yazə günəşə,
Ta əbəd ol kəmal ilə qalə, zəvalə düşməyə.

Söylənə gər Nəsiminin mədrəsədə məqaləti,
Dərsini qoya mədrəsə, qiyl ilə qalə düşməyə?