Süsənbərim
Süsənbərim Müəllif: Ağ Aşıq |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Qulac saçlı,
Qələm qaşlı,
Ağzın açdı,
Gövhər saçdı
Süsənbərim.
Şəhla gözü,
Gözəl üzü,
Şirin sözü,
İlqar düzü
Süsənbərim.
Yaşıl başlı,
Çatma qaşlı,
Şux baxışlı,
Yaraşıqlı
Süsənbərim.
Şirin avaz,
Kirpik almaz,
Aşıq sınmaz,
Yardan dönməz
Süsənbərim.
Kəklik səkər,
Boynun bükər,
Ovçun çökər,
Qanın tökər
Süsənbərim.
Sən əzəlsən,
Dil məzəsən,
Çox gözəlsən,
Birdənəsən
Süsənbərim.
Bulaq başı,
Gözüm yaşı,
Var təlaşı,
Qəlb sirdaşı
Süsənbərim,
Telli sazım,
Xoş avazım,
Bahar yazım,
Sən murazım
Süsənbərim.
Sən halalsan,
Bir cəlalsan,
Mənə yarsan,
Bizəvarsan
Süsənbərim.
Aşıq Ağdı,
Toy talağdı,
Xoş soraqdı
Gözəl çağdı
Süsənbərim.