Sıraynan (Şair Ağacan)
Sıraynan Müəllif: Şair Ağacan |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
Havalanıb dəli könlüm kəşt eyləyir haraynan,
Dərdi deyim yaz dəftərə sən qələmi qaraynan,
Aldanmaynan bivəfaya dünya karvansaradır,
Çox dolub, çox boşalıbdı, düzülübdü sıraynan.
Adam var ki, düşünməyir, çəmsi-qəmər, ay nədir,
Kimi eşqə talıb olur, kimi atın oynadır,
Kimi şeytan, kimi iblis, kimi fəsad qaynadır,
Adam var ki, din-imanı alıb-satır paraynan.
Ağacanam tanıyıram Quranı, Peyğəmbəri,
Var dilimin ləşgəridir ərşin-kürşün ləngəri,
Alimi yox, mollanı yox, qazini çağır bəri,
Mən öləndə götürsünlər qoy Yasini suraynan!