Səba, əğyardan pünhan, qəmim dildarə izhar et

Səba, əğyardan pünhan, qəmim dildarə izhar et
Müəllif: Məhəmməd Füzuli


Səba, əğyardan pünhan, qəmim dildarə izhar et!
Xəbərsiz yarımı hali-xərabimdən xəbərdar et!

Gətir yadım onun yanında, vər görsən ki, qəhr eylər,
Xəmuş olma, yenə düşnam təqribilə təkrar et!

Könül, qəm günlərin tənha keçirmə, istə bir həmdəm,
Əcəl xabından, əfğanlar çəkib, Məcnunu bidar et!

Çü yox eşq atəşi bir şölə çəksə taqətin, ey ney,
Baş ağrıtma, dəmi-eşq urma, ancaq naleyi-zar et!

Məni rəşk oduna pərvanə tək, ey şəm, yandırma,
Yetər xurşidi-rüxsarın çiraği-bəzmi-əğyar et!

Giriftari-qəmi-eşq olalı azadeyi-dəhrəm,
Qəmi-eşqə məni bundan bətər, ya rəb, giriftar et!

Füzuli, baxmaq olur ol günəş yadilə xurşidə,
Nə vəch ilə kim, olsa gün keçər, fikri-şəbi-tar et.