Səbadən gül üzündə sünbüli-pürpiçü tab oynar

Səbadən gül üzündə sünbüli-pürpiçu tab oynar
Müəllif: Məhəmməd Füzuli


Səbadən gül üzündə sünbüli-pürpiçü tab oynar,
Sanasan pər açıb, gülşəndə bir mişkin qürab oynar.

Xəyali-arizin cövlan edər bu çeşmi-pürnəmdə,
Nəçük kim, mövclənmiş suda əksi-afitab oynar.

Rüxün görgəc olur suzi-dərunü dərdi-dil hasil,
Bahar əyyami sıçrar bərqi-rəxşəndə, səhab oynar.

İrağ olsun yaman gözdən, nə xoş saətdir ol saət
Ki, məşuqilə aşiq eyləyib nazü itab oynar.

Riyayi-zahidi-xüşkün simaindən nolur hasil,
Xoş ol kim, rindi-meyxarə, içib cami-şərab, oynar.

Bu qəmlər kim, mənim vardır, bəirin başinə qoysan,
Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab, oynar.

Qılır köz pərdəsin xunabi-həsrət çak hər dəm kim,
Rüxündə ləzzəti-didar zövqindən niqab oynar.

Füzuli, rəşkdən titrər dili-pürxuni üşşaqın,
Binaguşində yarın hər zaman kim, ləli-nab oynar.