Səbrim alıb fələk, mənə yüz min bəla verər

Səbrim alıb fələk, mənə yüz min bəla verər
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.138.

Səbrim alıb fələk, mənə yüz min bəla verər,
Az olsa bir məta’, ona el çox bəha verər.

Düşdüm bəlayi-eşqə, xirədməndi-əsr ikən,
El şimdi məndən aldığ pəndi mana verər.

Sanmın əcəb, rütəb yerinə versə lə’li-tər
Nəxli ki, qan yaşım ona nəşvü nəma verər.

Xaki-dərindir ol ki, dünü gün səvab üçün,
Həm ayə sürmə, həm günəşə tutiya verər.

Qılmaz qəbul surəti-iqbal bunca kim,
Ayineyi-vücuduma cövrin cila verər.

Ney kimi cismim oldu oxundan dəlik-dəlik,
Dəm urduğumca yerli-yerindən səda verər.

Hər dərdsizdən umma, Füzuli, dəvayi-dərd,
Səbr eylə, kim ki, dərd veribdir, dəva verər.