Səfası çoxdu
Müəllif: Aşıq Qoca


Dağlar damənində açılıb güllər,
Bu ilki yaylağın səfası çoxdu.
Gözəllər dəstəsi çıxarlar geştə,
Qızların aşığa cəfası çoxdu.

Açılıb dumandan dağların başı,
Kəsilib qovğası, cəngi savaşı,
Göllərdə çalxanır xub yaşılbaşı,
Üstündə seyr edən sonası çoxdu.

Başgözəldərənin solmayıb gülü,
Gül üstündə cəh-cəh vurur bülbülü,
Açılıb laləsi, süsən, sünbülü,
O gözəl kəkliyin sədası çoxdu.

Yığılır qız-gəlin tər bulaq üstə,
Sallanıb gəzirlər, boyları bəstə,
Onları görənlər düşürlər xəstə,
Gələndə könlümə qadası çoxdu.

Aşiqin məşuqa ola ilqarı,
Cana can bilərəm düşsə güzarı,
Qocanın cananı gələ üzbarı,
Başımda xubların sevdası çoxdu.