Səhər meyxanə ətrafın gəzirdim məstü bipərva

Səhər meyxanə ətrafın gəzirdim məstü bipərva
Müəllif: Əbülqasim Nəbati
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.


Səhər meyxanə ətrafın gəzirdim məstü bipərva
Ki, gördüm onda nagəh bir əcayib surəti-ziba.

Müsəlsəl zülf çiynində, mürəssə tövq boynunda,
Firəngi ətləs əynində, başında mə’cəri-həmra.

Mələkmənzər, pəripeykər, süxəngüstər, vəfapərvər,
Büti-məhrü, güli-xoşbu, sözü-şəkkər, gözü şəhla.

Səmənrüxsar, müşkinmu, şəlayin qaməti-dilcü,
Sərasər fitnəvü cadu, sərapa şurişü qovğa.

Görən saətdə zövqümdən yıxıldım məstü layə’qil,
Dağıldı əql başımdan, alışdı atəşi sevda.

Pərişan oldu əhvalım, tükəndi səbri aramım,
Giriban çak edib durdum yerimdən valehü şeyda.

Məni görcək bu halətdə o sərvi-baği-dilbəndi,
Gəlib yanımda əyləşdi əlində sağəri-mina.

Kərəm qıldı mənə bir cam, alıb mərdanə nuş etdim,
Durub opdüm ayağından, dedim: ey saniyi-Leyla!

Əgər görmək dilərsən surəti-Məcnuni-şeydanı,
Uzaq gəzmə, tamaşa qıl, budur ol aşiqi-rüsva!

Şikəstə-xatirü məhzun, sözü aşüftə, digərgun.
Tutub nəqşi-rəhi-Məcnun, gəzər vəhşi kimi səhra.

Nəbati, həmd qıl Allahə, min şükrü səna eylə
Ki, Məcnunun məqamatın sənə ruzi edib mövla.