Səhərdə gül üzün şaha, çü gülşəndə gülab oynar

Səhərdə gül üzün şaha, çü gülşəndə gülab oynar
Müəllif: İmadəddin Nəsimi
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.197.

Səhərdə gül üzün şaha, çü gülşəndə gülab oynar,
Anı görüb səfasından fələkdə afitab oynar.

Əcəb zati-mütəhhərsən, nəzirin yoxdur, ey dilbər,
Vücudun nuru bərqindən camalında inqab oynar.

Çü gördü qəbqəbin eynim, dedi görün tamaşayı
Ki, lə’lin höqqə altında müəlləq durmuş ab oynar.

Qurulmuş məclisi-şahi, çalınır çəngü ney, qanun,
Tərənnümlər qılır mütrüb, ara yerdə şərab oynar.

Fələk tərsinə dövr eylər, məgər axır zaman oldu,
Qəfəsdə tutiyü qumru, çəmənlərdə qürab oynar.

Fərəhdən cümlə üşaqqın fəğanı göylərə ağdı,
Həsəddən zahidi-xüşkün qabağında xunab oynar.

Nəsimi, uşbu ənvarın şüasından münəvvərdir,
Kitabü nərdü şətrəncü odü yel, su, türab oynar.