Səhərdən yollara çıxdım gördüm ki, mehriban gəlir
Səhərdən yollara çıxdım gördüm ki, mehriban gəlir Müəllif: Molla Cümə |
Mənbə: Paşa Əfəndiyev. "Molla Cümə (həyatı və yaradıcılığı)" (PDF) (az.). "Ləman nəşriyyat poliqrafiya". 2017. İstifadə tarixi: 2018-08-31. |
Səhərdən yollara çıxdım gördüm ki, mehriban gəlir
Qış günləri yaza döndü şirin dil xoş zəban gəlir.
Can cəsəddə lərzələnib ağıl başdan çıxmaq istər
Öz-özümə səbir verdim dedim mahi-taban gəlir.
Çıxardıb al libasını geyibdi qara donları
Yəqin bildim eşq ucundan halı çox pərişan gəlir.
Dörd yanına nəzər eylər kimsə yox dərdin söyləyə
Ayrı düşüb şeydasından çəkib ahu-fəğan gəlir.
Molla Cümə çıx daldadan səni görsün o sirdaşın
Bəlkə canı qərar tapa eşidib bigüman gəlir.