Sələbiyyə/Qurdun tələyə düşməsi
←Qurdla tülkünün söhbəti | Sələbiyyə Qurdun tələyə düşməsi Müəllif: Məhəmməd Bağır Xalxali |
Kitabın sonu→ |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Xülasə, Tülküyə ol gürgi-bədxu
Dedi: "Bismillah, ey dildari-xoşru.
Oğul, durma, deyil durmaq zamani,
Yeyib şükr eylə heyyi-zülmənani.
Dayanma, dur, soxul, sən döşlə, nazim;
Yemək gördün, demək artıq nə lazim?
Əlin, biçarə, qoynunda qalıbdır,
Məgər iştahuvu şaxta çalıbdır?
Dayanma, çün ələ fürsət düşübdür,
Di gəl, oğlan, məgər ağzın bişibdir?"
Dedi Tülkü: "Məni tut indi məzur,
Mənə əlan yemək olmazdı, məqdur.
Neçün, sabiqdə mən nəzr eyləmişdim,
Xudavəndə bir ay oruc demişdim.
Mükəlləflər kimi, mahi-siyami,
Tutam ixlas ilə ruzə tamami -
Ki, Allah rəhm edə bu qəmli halə,
Çəkə mən bikəsi bəzmi-vüsalə.
Əlimə daməni-vəslin alam mən,
Gələm daim hüzurində qalam mən.
Bəhəmdüllah, yetib nəzrim yerinə,
Yetişdim qibləmin xaki-dərinə.
Bu bir ay sovmdən bir gün qalıbdır,
Nə zəhmət çəkmişəm, canım alıbdır.
Buyur, məşğul ol, ey inkrəftar,
Ki, ta olsun mənimçün vəqti-iftar.
Bu gün tutsam, yetər nəzrim kəmalə,
Gərək indi baxam təzə hilalə.
Yetişmiş göylərə ahü fəğanin,
Yeməkdə olginən sən, nuşi-canın!"
Bu əqvali eşitcək Qurd inandı,
Ürəkdən bavər etdi, doğru sandı.
Qədəm qoycaq o dəmdə düşdü bəndə,
Kəməndə, düşdü bir ahu kəməndə.
Düşüb bəndə, çıxıb quyruq kənarə,
Salıb biçary qurdu ahü zarə.
Bu övzai görüb Gürgi-mükəddər,
Dedi: "Aya nə vardır, ey bəradər?"
Dedi Tülkü: "Baxıb gördüm hilali,
Yemək vacibdir iftarda həlali."
Dedi: "Görsəndi ay, bayram haçandır
Ki, bayram üqdeyi-qəlbi açandır".
Dedi Tülkü: "Ey yari-müsahib,
Olur bayram gələndə təllə-sahib".
O dəmdə quyruğu Tülkü götürdi,
Dayanmıb ta əyalinə yetirdi...