Səmaya mən baxıram, həsrət ilə yanıram

Səmaya mən baxıram, həsrət ilə yanıram (1841)
Müəllif: Mixailo Petrenko
Tərcüməçilər: Elgün Atalıyev (2017)
Mənbə: Səmaya mən baxıram, həsrət ilə yanıram


Səmaya mən baxıram, həsrət ilə yanıram:
Niyə deyiləm şahin, niyə mən uçmayıram,
Niyə vermədin qanad, ulu tanrım, sən mənə?
Yoxsa yeri tərk edib uçardım mən göylərə.

Buludlardan yüksəyə, yer üzündən uzağa,
Taleyimi tapmağa, qüssədən qurtulmağa.
Ulduzlardan, günəşdən nəvaziş istəyərdim,
Onların işığında qüssəmi qərq edərdim.

Sanki sevmir taleyim məni ta uşaqlıqdan,
Mən onun muzdlusuyam, avara və sərgərdan,
Yadam mən taleyimə, yadam həm insanlara!
Kimin ürəyi yanar kimsəsiz uşaqlara?

Bəlaya düçaram mən, yaxşılıq görməyirəm,
Əzabla və boşuna ömrümü keçirirəm,
Əzablarda bir şeyə mən artıq hali oldum,
Uzaq göylərdə imiş mənim əzəli yurdum.

Keşməkeşlidir həyat, olarsa, daha betər,
Baxaram mən göylərə dərhal könlüm şənlənər.
Yetim olduğumu mən həmin an unudaram,
Göylərin yüksəkliyini fikrimlə dolduraram.

Qanadları qartalın olsaydı, məndə əgər,
Köçərdim mən göylərə yer üzünü tərk edər
İtiqanad qartal tək mən göylərə uçardım
Buludlarda əbədi qismətimi tapardım.