Sənə (Aşıq Pəri)

Sənə
Müəllif: Aşıq Pəri
Məhəmməd bəy Aşiqə
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Bitəqsirəm, yoxdu mənim günahım,
İndi belə qalıb ixtiyar sənə.
Sən rəqibin cəmiəti tapıldı,
Qaldım hər tərəfdən bir əğyar sənə.

Mən fəqiri bəsləmisiz arada,
Dadirəsim1 bunca yetişsin dada,
Vəsfıni söylərəm həddən ziyada,
Heç əskik olmasın mülk, tavar sənə.

Heç olmasın rəqib, gəlməsin əğyar,
Gecə-gündüzlü çəkərəm ahu-zar.
Tapmamışam hələ yari-vəfadar,
Vaxtikən eylərəm xəbərdar sənə.

Qasid gəlcək dərdi dilin bilmişəm,
Möhnətilə didəm yaşın silmişəm,
Vara-vara Çanaqçıya gəlmişəm,
Mən necə bağlayım etibar sənə.

Can içində mən bu canı neylərəm,
Ləli-Yəmən, bədəxşanı neylərəm,
Xanı, bəyi, mən paşanı neylərəm,
Pəriyəm, eylərəm dualar sənə.