Sənə qalmaz
Sənə qalmaz Müəllif: Öysüzlü Səməd |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
Yüz il də olasan bir bağa bağban,
Axır sərəncamı bağ sənə qalmaz.
Nə can qalar cəsətiyin içində,
Nə də ki cəsətin sağ sənə qalmaz.
Bir gün də qabağın açılsa yasdan,
Ayrı düşəcəksən yenə də dostdan.
Dirrikçi olasan, əkəsən bostan,
Nə şamama, nə də tağ sənə qalmaz.
Qəlbimin tərlanı düşüb borana,
Fikrim dağınıqdı, könlüm virana,
Yüz min yol salasan dağa, arana,
Nə aran, nə də ki, dağ sənə qalmaz.
Mərd olasan, bu meydanda durasan,
Çox pəhləvanları yolda yorasan,
Yüz əlli minara sən qurdurasan,
Heç birindən bir otaq sənə qalmaz.
Səməd, deyilənə baxmaz yerirsən,
Dağca olsan qılcan qalmaz, ərirsən
Daş altında, torpaq üstə çürürsən,
Axır sümüklərin sağ sənə qalmaz.