Sənəm, gəl (Aşıq Ələsgər)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Sənəm, gəl
Müəllif: Aşıq Ələsgər
Mənbə: Ziyəddin Məhərrəmov, "Deyilən söz yadigardır...", Laçın yurdu, №3(14), 2014. Bakı, "Bəxtiyar-4", 2014. səh.38.

Səni gördüm, əl götürdüm dünyadan,
Yaşıllı, zərbablı, allı Sənəm, gəl!
Ovçunu görəndə maral baxışlı,
Ay üzü, birçəyi, xallı Sənəm, gəl!

Möhnətindən qəfil düşdüm azara,
Təbibimsən, eylə dərdimə çarə,
Bilsəydim gəlməzdim mən Şəvəkara,
Qaymaq dodaqları ballı Sənəm, gəl!

Bir üzün şəmsdir, bir üzün qəmər,
Həsrətini çəkən ləbindən əmər.
Guşunda sırğadır, belində kəmər,
Mən bədbəxtəm, uzaq yollu Sənəm, gəl!

Daraba dalından qıya baxırsan,
Ələsgəri yandırırsan, yaxırsan.
Müjganları sinəm üstə çaxırsan,
Olmaginən qalmaqallı, Sənəm, gəl!