Sənəm (Aşıq Alı)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Sənəm
Müəllif: Aşıq Alı


Cümə günü ürcah oldu
Yandı canım nara, Sənəm.
Baxıram mah camala,
Oluram avara, Sənəm.
Çəkirəm həsrətini
Sinədəki vara, Sənəm,
Gözlərimnən axıdıram
Ab ilə leysanı, Sənəm.

Heyranam ol Xudaya,
Sənin tək insan yaradıb,
Tarixdə görməmişəm,
Bir belə ceyran yaradıb.
Züleyxa dünyada nədi,
Səni onnan can yaradıb,
Rəhm elə mən yazığa
Bir busa ver barı, Sənəm.

Qaşın qara, gözün qara,
Olmuşam divanə kimi.
Saçların düşüb dizinə,
Behiştin qılmanı kimi.
Gözlərinə baxmaq olmur
Türkmənin sultanı kimi.
Bir bəri bax üzün görüm,
Qardaşının canı, Sənəm.

Çox sağ ol, rəhmin gəldi,
Ülfət qıldın can görürəm.
Sən Alıya məhəl qoydun,
Çox nəcibsən xan görürəm.
Namizədsən öz yarına,
Öz qəlbimi yan görürəm.
Sən mənə bacı oldun,
Məhşər günü tam, Sənəm.