Sənəma! Talibdir üzünü görməgə ürək
Sənəma! Talibdir üzünü görməgə ürək (2 yanvar 1927) Müəllif: Nəcəfqulu bəy Şeyda |
Mənbə: Nəcəfqulu bəy Şeyda. Şeirlər. Bakı: Nurlan, 2006. |
Sənəma! Talibdir üzünü görməgə ürək,
Aç üzün ta ki gözəl üzünü bir an görək.
Şanə vurduqca pərişan olur o zülfdə mu,
Xatirim cəmliginə qoy o pərişani hörək.
Məqdəmin səcdəgəh olmuşdu pərəstişlərinə,
Qoyaram səcdə üçün başım ayağın öpərək.
Hər görən hüsni-cəmalın sənin heyranın olur,
Əql daşından uçur görcək üzarın ötərək.
Möhnəti-qəmzədənin illəti dərdin bildin,
Bu nəhan sirrdir, etmək bunu əfşanə gərək.
Cilvəgahindan ötən cazibeyi hüsnin olur,
Neçə pərvanə yanır dövreyi şəmdə uçaraq.
Nəql məhfillər olub nəqli-kəlamın, Şeyda,
Xassə mənası vəli a’mə də əfsanə gərək.