Sən (Aşıq Heydər)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Sən (Aşıq Heydər)
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

Gözün qızıb, ağlın itib,
Gəlibsən meydana sən,
Dayanamazsan, a bala,
Burada mərdana sən;
Qol qırılar, əng əzilər,
Sonra peşiman olarsan,
Ataşı salarsan betər,
Əyilən gərdənə sən.

Dana kimi buynuz atıb,
Kələ sürtünmə belə.
Gülünc olub el içində,
Düşərsən dildən-dilə,
Köməyinə çatan olmaz,
İstər yüz ağız mələ.
Tay olarsan gədələrə,
Oxşarsan xortdana sən.

Aşıq Heydər haqqı öyər,
Öyüdünü eşit gəl.
Kolu-kosu tez aparar,
Qopsa əgər qəfil sel.
Kor deyilsən sən, ay gədə,
Gözlərini yaxşı sil;
Doğru söz de, düşün danış,
Uymaynan şeytana sən.