Sən mana yar ol ki, könlüm bir dəxi yar istəməz
Sən mana yar ol ki, könlüm bir dəxi yar istəməz Müəllif: İmadəddin Nəsimi |
Sən mana yar ol ki, könlüm bir dəxi yar istəməz,
Könlümün dildarı sənsən, özgə dildar istəməz.
Cənnəti-ədnin tamaşası rüxün gülzarıdır,
Kim ki, şol gülzarı buldu, özgə gülzar istəməz.
Ta əbəd hirman imiş həqdən nəsibi, hər kim ol
Səndən, ey dilbər, iki aləmdə didar istəməz.
Könlümün məqsudi sənsən, hacəti həqdən budur,
Hacətindən ayru könlüm nəsnə, zinhar, istəməz.
Gəl ki, sənsiz könlüm, ey canü cahanın hasili,
Künfəkanın hasilindən oldu bizar, istəməz.
Sorma, ey dilbər, mana kim, hacətin məndən nədir,
Çünki mə’şuqindən ayru aşiqi-zar istəməz.
Kim ki, zülfünün xəyalı bağladı könlündə, ol
Rahibi-deyr oldu, ondan özgə zünnar istəməz.
Çün, ənəlhəq darını Mənsur olandır istəyən,
Olmayan Mənsur ənəlhəq, leysə fiddar istəməz.
İstərəm aləmdə yarın sirrini faş eyləyim,
Müddəinin canı yanar qəmdən, əğyar istəməz.
Yüzünü bipərdə görmək istərəm daim, vəli
Minkirin görməz gözü, çün kəşfi-əsrar istəməz.
İstədi həqdən Nəsimi vəslini, buldu murad,
Maliki-didar olubdur, gəncü dinar istəməz.