Sən oxudun!? Duymadın?! Dərdə, loğman gözləməyin
Sən oxudun!? Duymadın?! Dərdə, loğman gözləməyin (1993) Müəllif: RAUF CAVAD |
Dünya abad olacaq!? Danışandan gözləməyin!
Qanlı tarixə bax! Qabildən aman gözləməyin!
Dolub yer üzü qır-yaltaq, küt-axmaq kimsələrlə,
Düşünmür kimsə ar, zalımdan vicdan gözləməyin!
Dünya Adəmdən bəri, can rahatlıq yurdu deyil,
Çün insan çox zülmkar, şeytandan iman gözləməyin!
Habilə düşmən kəsilən öz doğma qardaşıdı?!
Doğma-ögey fərq etmir, candan qurban gözləməyin!
Dünya, quru bir rəngli surətdi, canı insandı,
Bədəni qandı, təpə gözü peşman gözləməyin!
Tarix yazır Əlini qana bulayan əbləhdi,
Yaxşını qətlə yetirən kim? İnsan!? Gözləməyin!
Dünya zara gəlib yorulub pis insan əlindən,
Bulaşıb çirkab olub, paklıq filan gözləməyin!
Utanıb kor yerə girmir, dünyanı düşmən bilir,
Gözü tor, dostu kar, dili lal, yalan gözləməyin!
Dünya talanır, kimsəsizlər, vicdan tapdalanır,
Həqqi bilib danır, Ədalət-mizan gözləməyin!
Haqsızlıq qatara minib, takka-tarak nə gedir,
Sonda nə gözləyir? Düşünüb, güman gözləməyin!
Dünya gözəliklə dolu lakin görən göz çox az,
Doğmayan günəşdən işıq, nur-taban gözləməyin!
Mən analı-atalı amma yetim böyümüşəm,
Müqəddəs olmayan kəsdən, sevgi-can gözləməyin!
Doymadım dünyadan fəqət çox yedim dərd-qəmindən,
Toxun acdan yox xəbəri, ərməğan gözləməyin!
Dünya şirin, dərdi acı bağırsaq tək uzanır,
Acıdır həqiqət, ağrıdan dərman gözləməyin!
Rauf arzulanmayan ağrı-acıdan düz dedi!?
Sən oxudun!? Duymadın?! Dərdə, loğman gözləməyin!