Səndən ötrü
Səndən ötrü Müəllif: Qövsi Təbrizi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Ömürlər xuni-dil içdim,
Gülüzarım, səndən ötrü.
Axın dağlara düşdüm
Laləzarım, səndən ötrü.
Sinəmi oxlar dəlibdir,
Qanlı peykanlar qalıbdır,
Canımı qəmlər alıbdır,
Qəmküsarım, səndən ötrü.
Aşiq olan keçər eldən,
Başü candan, xanümənden,
Damənin tək getdi əldən
İxtiyarım, səndən ötrü.
Gözlərim qan ilən doldu,
Bilmənəm könlümə noldu,
Kəkilin tək qarə oldu
Ruzigarım, səndən ötrü.
Qövsi ilə həmdəm oldum,
Həmdəmi-dərdi-qəm oldum,
Xarü zari-aləm oldum
Nazlı yarım, səndən ötrü.