Səni mən sevməyirəm, sevməyirəm

Səni mən sevməyirəm, sevməyirəm
Müəllif: Səməd Mənsur
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Bir zaman millətimiz alim idi,
Bilmirəm noldu ki, yatdı əbədi.
Get-gedə qəflət edib, elmə dedi:
‘Səni mən sevməyirəm, sevməyirəm”.

Cahil olduq da qapandı gözümüz,
Qanmadıq, evmizi yıxdıq özümüz.
Sənətə, elmə bu oldu sözümüz:
Səni mən sevməyirəm, sevməyirəm”.

Rövzəxan söydü bizi hilət ilə:
Xəlqin ağzın qapadı lənət ilə.
Anlayan şəxsə dedi nifrət ilə:
Səni mən sevməyirəm, sevməyirəm”.

Mollalartəfriqeyə 0ldu səbəb,
Çıxdı yetmiş ikidən çox məzhəb.
Dedi yek digərə bunlar əğləb:
Seni mən sevməyirəm, sevməyirəm”.

Zillətə, cəhlə düşəndən bu yana
Düşmən olduq mədəniyyətlə fəna.
O bizə söylədi, bizlər də ona:
“Səni mən sevməyirəm, sevməyirəm”.

Yar ararkən özünə Sonya xanım,
Deyirik: “Gəl, başma mən dolanım”.
O bizə söylər: ‘İtil, get, a canım,
“Səni mən sevməyirəm, sevməyirəm”.

Çatacaq övladımız on yaşına,
Qətlü qarət dolur ancaq başına.
Deyir öz qovmuna, öz qardaşına:
“Səni mən sevməyirəm, sevməyirəm”.

Günü-gündən işimiz oldu yaman,
Rahətü afiyətü əmnü aman
Əlvida etdi bizə, qıldı bəyan:
“Səni mən sevməyirəm, sevməyirəm”.