Sənin (Şair Məhəmməd)
Sənin (Şair Məhəmməd) Müəllif: Şair Məhəmməd |
Mənbə: Çoban Məhəmməd. Şeirləri və dastanları. (Toplayıb tərtib edəni: İslam Ələsgər). Bakı, "Nurlan", 2009. səh. 48 |
Yaz olanda, gözəl dağlar,
Car olur sellərin sənin.
Dönəndə payız fəslinə,
Qayıdır ellərin sənin.
Yayda çiçəyin qaynaşır,
Üstündə bulud oynaşır,
Payız dərdin həddən aşır,
Solanda güllərin sənin.
Hanı o boyu şahbazlar?
Bir-birinə edər nazlar.
Üzüşmür ördəklər, qazlar,
Donubdu göllərin sənin.
Gələndə qışın sərbəsər,
Görəni eylər dəngəsər.
Boran gədikləri kəsər,
Bağlanar yolların sənin.
Başında qurdlar ulaşır,
Məhəmmədin ağlı çaşır.
Sümükləri sızıldaşır,
Əsəndə yellərin sənin.