Sənin (Molla Cümə)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Sənin Müəllif: Molla Cümə |
Gözəl səndən xəbər alım,
Var əndamın qarmı sənin?
Dilin şirin, ləbin ballı,
Bizə rəhmin varmı sənin?
Qəddin çinar, belin şüşə,
Dişlərin oxşar gümüşə,
Buxağındı gül-bənövşə,
Yanaqların narmı sənin?
Döşündə bir cüt şamama,
Nə yaraşır gül əndama,
Layisqili Molla Cümə
Doğru söylə, yarmı sənin?