Sənin gözlərin

Sənin gözlərin
Müəllif: Mikayıl Müşfiq


Sənin gözlərinmi gənclik bağında,
Yoxsa nərgizlərin sayrışıb oynar?
Yoxsa çıxılmayan eşqin dağında
Ömrümün dirilik çeşməsi qaynar?

O qara gözlərin deyil parlayan,
Ulduzlar içimdə gecələrimdir.
Bəlkə də ruhuma aydınlıq yayan,
Bir sərin,ziyalı,yaz səhərimdir.

Qoy desin dünyanın el aşıqları
Bu şövqü kim mənim ruhuma yaydı,
Donardım ruhumun şən işıqları
Qəlbimin camında qırılmasaydı.

Qara qış üstümə tökər qarını
Nərgiz gözlərindən məni ayırsan.
Mənim ümidimin qapılarını
Neçin gah açırsan,gah qapayırsan?

Sənin gözlərinmi gənclik bağında,
Yoxsa nərgizlərin sayrışıb oynar?
Yoxsa çıxılmayan eşqin dağında
Ömrümün dirilik çeşməsi qaynar?