Sənin xatirinə
Müəllif: Nüsrət Kəsəmənli


Nə yazsam sevgidən yazır,
Qələm, sənin xatirinə.
Hicrandan boynu bükülü,
Mənəm, sənin xatirinə.

Yolumu duman bağlasa,
Köksümü həsrət dağlasa,
Gözlərimdə sel çağlasa,
Gülləm, sənin xatirinə.

Gəl yandırma gülün ilə,
Çox oynama külüm ilə,
Son tikəmi sənin ilə,
Bölləm, sənin xatirinə.

Bilmirəm, mələksən, nəsən,
Can verərəm, can istəsən.
Bircə kəlmə öl söyləsən,
Ölləm sənin xatirinə...!!