Sərbəst insanlar ölkəsində/"Ziyalılar zümrəsi"nin mövqeyi
←Sərbəst ölkənin akademiyasında | Sərbəst insanlar ölkəsində. "Ziyalılar zümrəsi"nin mövqeyi Müəllif: Əhməd bəy Ağaoğlu |
Ruh və qəlb təmizliyi→ |
Çıxışçının sözləri arasında ən çox bu nöqtələr diqqətimi çəkdi:
"Yerinə seçildiyim alim ilk mütəfəkkirdir ki, millət mövzusuna layiq olduğu qiyməti verərək bu mövzunu dərinliyinəcən araşdırıb.
Bu sahədə onun meydana qoyduğu fikirlər dünyanın bütün mütəfəkkirlərinin diqqətini çəkərək bir çox mübahisələr doğurdu. Sözün qısası, o, millətin tarixi ilə bağlı tamam yeni bir cığır açdı. Onun baxışlarına görə, millət deyildiyi zaman bir kütlənin içindəki bütün fərdlər deyil, həmin kütləni mənəvi cəhətdən təmsil edən şüurlu ziyalı zümrəsi nəzərdə tutulmalıdır. Çünki millətə başçılıq edən, onun əməl və arzularını yerinə yetirən məhz bu zümrədir. Ziyalı zümrəsi, bir qayda olaraq, millətin aynasıdır; millət nədirsə, o da odur. O nədirsə, millət də odur."
Bu fikir bir çox etirazlar doğurdu. Bəziləri ziyalıların çoxunun milləti təmsil etmədiyini, bu iki anlayış arasında dərin ziddiyyətlər də olduğunu söylədilər. Onların fikrincə, ziyalılar və millət bir-birinə yad qala və hətta bir-birini anlamaya bilərlər. Bax, bu səbəblərdən onlar ziyalı zümrənin heç də həmişə millətin əməl və istəklərini çatdırmadıqlarını misallarla sübut etməyə çalışdılar.
Ancaq ustad həmin etirazların hamısına uğurla cavab verdi və göstərilən misalların gərəyincə araşdırılmadığını vurğuladı. Məsələn, o, misal gətirilən ziyalıların qurama və yapma olduqlarını, şüur deyilən üstün keyfiyyətdən məhrum qaldıqlarını tarixi gerçəklərə söykənərək sübut etdi.
Amma millət mövzusunda ustadın meydana atdığı ən mühüm yenilik millətin təşəkkülü haqqındakı fikri və ədəbi cərəyanların çox önəmli olduğunu göstərməyidir! Bu sahədə ustad doğrudan da inqilab edib. Onun fikrinə görə, millətlərin təşəkkül tapmasına təfəkkür və ədəbiyyat çox önəmli təsir göstərir. Belə ki, ustadın əqidəsi baxımından Şekspir və Milton, Lokk və Spenser, Höte, Şiller, Kant, Hegel, Molyer, Volter, Jan-Jak Russo, Viktor Hüqo, Dante Makiavelli, Bruno, Puşkin, Lermontov, Tolstoy və başqa yazıçılar, şair və mütəfəkkirlər olmasaydılar, ingilis, alman, fransız, italyan, rus millətləri yaranmazdı!. Həmin fikirlər də bir çox etirazlar doğurdu. Başqa fikirdə olanlar ortaq tarixin, ortaq irqin, ortaq çıxarların təsirini önə çəkirdilər.Ustad bütün bu amillərin təsirlərini danmamaqla yanaşı, bunların yalnız uyğun, əməli bir zəmin hazırladıqlarını və təkbaşına qalmış olsaydılar fransızlıq, ingilislik, almanlıq, italyanlıq, rusluq anlayışlarını ifadə edən mənəvi varlığın təşəkkül tapmayacağını və bu mənəvi varlığı yoğurub ona bəlli bir anlam və biçim verən gerçək amilin təfəkkür və ədəbiyyat olduğunu uğurla sübuta yetirdi. O, məhz bu məqsədlə köklü və tutumlu şəkildə araşdırdığı keçmiş və indiki Şərq aləmi ilə Qərb aləmi arasında heyrət doğuran bir müqayisə apardı.
Bu müqayisədən anlaşıldı ki, bütün qədimliyinə, mədəniyyətlərin beşiyi olmasına baxmayaraq, Şərq aləmi millət anlayışına yabançı qalıb. Bu aləmdə də ortaq tarix, ortaq çıxarlar, ortaq irq amilləri olub. Ancaq millət deyilən anlayış yaranmayıb. Niyə? Yəni Şərqdə təfəkkür və ədəbiyyat olmayıb? Xeyr, o da olub.
Ancaq mahiyyətcə qərbinkindən tam fərqlənib. Şərq ədəbiyyatı içində olduğu mühitə, insan və təbiət mühitinə yabançı qalıb. Daim göylərdə, boşluqlarda dolaşıb. Şərq ədəbiyyatı tək bir şəxsin ifadəsi olduğundan, insanlıq və təbiətlə dil tapmağı aşılamayıb. Təbiəti insana, insanı insana sevdirməyib. Bunları bir-birinə yaxınlaşdırmayıb. Təbiətlə insan arasındakı və insanların öz arasındakı yadlaşmanı, biganəliyi aradan qaldırmağa, mənəvi baxımdan bütövləşdirməyə çalışmayıb. Bax, bu üzdən təfəkkür və ədəbiyyatın bu yola yönəldiyi gündən Şərqdə də milliyyət cərəyanı başlayır!
Ancaq çıxışçı mərhum həmkarının bu nəzəriyyələrdən çıxardığı əməli nəticələrə birinci dərəcəli önəm verirdi. Onun iddiasına görə, ziyalı zümrə milləti təmsil etdiyi kimi, onun yüksəlişinə və ya geriləməsinə də cavabdehdir. Çünki ziyalı zümrə genişləndikcə mühit də yüksəlir. Bu zümrə daralıb geriləyəndə mühit də geriləyir. Bu fikri natiq tarixi faktlarla möhkəmləndirib dedi:
"Dinin hakim olduğu dönəmlərdə, heç şübhəsiz, ruhanilər rəhbər zümrə olub.
Bu dönəmlərdə nə qədər ki, ruhanilər qeyrətli və ləyaqətli idilər, din də cəlbedici idi. Və dinin yönəltdiyi kütlələr də yüksək həyat qabiliyyəti göstərirdilər. Ancaq həmin zümrə tamahkarlığa qapılıb dindən gəlir mənbəyi kimi faydalanmağa başlayınca, din öz cazibəsini itirməyə başladı və beləcə, dini təmsil edən zümrə də aşağıya doğru yuvarlandı.
Din dövründən sonra gələn dönəmlərdə dinin yerini düşüncə və sənət tutdu. Xalq artıq mütəfəkkirlərdən, yazıçılardan, sənətçilərdən ilham almağa başladı. İndən belə mütəfəkkirlər - ədiblər, şairlər, jurnalistlər və müəllimlər ruhanilərin yerinə keçdilər. Bax, bu zümrə ideallarını yüksək qaynaqlardan aldıqca, öz mühitinə qeyrət, fədakarlıq, həqiqətə, ləyaqətə və gözəlliyə sevgi toxumları səpdikcə, arxasınca apardığı xalq da sağlam, diri, ləyaqətli, fədakar olur. Və təbii şəkildə yüksəlir. Tərsinə, bu zümrə xəstə mənbələrdən ilham alaraq, öz mühitinə özünəvurğunluq, tamahkarlıq, adilik toxumları səpərsə, arxasınca apardığı xalq da yalnız dolanışıq qayğısına qapılaraq, gündən-günə alçalmağa başlayar."
Sələfin bu fikrini də dünyanın fikir və ədəbiyyat tarixindən götürdüyü canlı misallarla möhkəmləndirdi. Xırda bir nümunə gətirək. O, Roma və Yunan tarixinin yüksəliş və geriləmə dönəmlərinin təfəkkür və ədəbiyyatı arasında müqayisə aparandan sonra, görün, nə deyir: "Şekspir və Milton olmasaydı, Kromvelin ortaya çıxması mümkün idimi?
Volter və Jan-Jak Russo yetişməsəydilər, "İnsan Haqqları Bəyannaməsi" işıq üzünə çıxardımı?". Böyük sələfimin bu fikri də tənqid və mübahisələrə yol açdı, xüsusən, "Sənət sənət üçündür" düsturunu qəbul edənlərin hiddət və hücumuna yol açdı. Amma sələfimlə bunlar arasındakı təzad o qədər aşkar və böyükdür ki, onların barışması bir yana qalsın, bir-birini anlamaları da mümkün deyil.
Sələfimin əqidəsinə görə, "ədəbiyyat və təfəkkür mahiyyətcə də sosial hadisələrdir. Bu üzdən mövzusu və hədəfi cəmiyyət və təbiət olmayan bir ədəbiyyat və təfəkkür, mənşə və mahiyyətcə də boş və əlaqəsiz bir şeydir".
Natiq sələfi haqqında bir çox başqa sözlər də söylədi. Onun milli cərəyanlar üzərindəki təsirlərini incələyərək axırda "sərbəst insanlar ölkəsinin" bu böyük övladının xatirəsini daim minnətdarlıqla yad edəcəyini bildirib çıxışını bitirdi.
Toplaşanlar yavaş-yavaş dağılmağa başladılar. Mən də tanışımla bərabər çıxdım.