Sərbəst insanlar ölkəsində/Azad insan ac qalmaz

İbtidai məktəbdə və kitabxanada Sərbəst insanlar ölkəsində. Azad insan ac qalmaz
Müəllif: Əhməd bəy Ağaoğlu
10-15 günlük möhlət


Sıx sakinli bir məhəlləyə gəldik. Sonra böyük bir binaya daxil olduq. Burada adamlar qaynaşırdı. Qadın, kişi, qoca - hər yaşda adama rast gəlmək olardı. Binanın dörd tərəfində çoxlu hazırlıq kursları vardı. Birində kimya, o birində mexanika, digərində tarix, başqa birində ədəbiyyat və başqa dərslər keçirilirdi. Diqqət yetirəndə gördüm ki, sadə, xalqın anlayacağı bir dildə dərs verilir. Müəllimlər mətləbdən yayınmır, ümumi biliklərin öyrədilməsinə çalışırlar.

- Bu dərs deyənlər kişilərdir?

- Könüllü ziyalılar. Hamısı da bu işi öz istəkləri ilə və əməkhaqqı ummadan, yəni pulsuz görür. İndiyədək daim öz vəzifələrinin öhdəsindən gəliblər. Onların səy və qeyrəti sayəsində elmi-texniki, ədəbi-əxlaqi biliklər xalqımızın ən geniş təbəqələrinə yetirilib. Buna görə də ümumi mədəni səviyyə hər gün yüksəlir!

- Ah, ustad! Belə ziyalılar yetirən mühit necə xoşbəxtdir.

- Elədir. Ziyalılarımız xalqını sevir və xalqın qeyrətini çəkirlər. Sərbəst insanlar ölkəsi elə onların sayəsində ayrı-ayrı millətlər arasında ad çıxarıb! İndi istəyirsənsə, iş bürosuna da baş çəkək.

- Böyük həvəslə! İş bürosu şəhərin fəhlələr yaşayan səmtində yerləşirdi. Büronun önündə xeyli fəhlə toplaşmışdı.

- Bunlar kimdir? - deyə soruşdum.

- İş axtarıb tapmayanlardır. Ya bunlara iş tapılmalıdır, ya da onlar dövlətdən işsizlərə yardım vəsaiti almalıdırlar.

- Ustad! Dövlət bu qədər ağır yükə necə tablaşır?

- Tablaşmağa məcburdur. Yuxarıda izah etdiyim kimi, vətəndaşlıq ləyaqəti vətəndaşın ac qalmasına yol verə bilməz. Gözəl niyyətli, həm də çalışmaq istəyən bir vətəndaşın işsizlik ucbatından ac qalması zülm sayılır. Ləyaqəti və şərəfi olan bir cəmiyyət öz üzvlərinin belə bir zülmlə üzləşməsinə dözə bilməz. Ya işsizlərə iş verər, ya da iş tapana kimi onların qayğısına qalar. Vətəndaşlıq şərəfi və ləyaqəti haqqında bəşəri anlayışdan irəli gələn prinsiplər ölkəmizdə də qəbul edilib. Büroya daxil olduq. Geniş bir salonun müxtəlif yerlərində çox sayda işçilər işsizlərlə danışır, bəzilərinin adını yazır, bəzilərinə isə ünvan verirdilər.

Ustad izahına davam edirdi:

- Kimə ünvan verilirsə, deməli, onlara iş tapılıb. İşdən boyun qaçıranlar birbaşa həbsxanaya göndəriləcəklər. Adları yazılanlar isə, onlara iş tapılınca, yardım alacaqlar.

- Necə gözəl və faydalı qurumdur!

- Vətəndaşlıq şərəfi bunu tələb edir. Azad insan ac qalmamalı, dilənçi olmamalıdır. Dilənçilik, həm vətəndən, həm də vətəndaşlıqdan ötrü bir ləkədir. Sərbəst ölkə bu ləkəni tamam silib, üstündən götürüb. Ü stəlik, polis gücünə yox, öz üstünə götürdüyü vəzifəni yerinə yetirərək vətəndaşa qayğı göstərməklə. Sərbəst ölkə təkcə işsizləri deyil, iş görə biləcək halı olmayan vətəndaşları da düşünür. Altmış yaşına çatmış və ya əlil olduğuna görə çalışacaq halı qalmayan vətəndaşların da həyatı sığorta edilir, onlara mənzil və yemək-içmək verilir.

- Aman ustad! Xəyalıma belə gəlməyən şeylər söyləyirsiniz. Yəni bunların hamısı həqiqətdir? Doğrudan da gerçəkləşdirilir?

- Əlbəttə, oğlum. Bizlər olmayanı demirik, olanı şişirtmirik. Hələ ölkəni başdan-başa saran xəstəxanalardan, sağlamlıq ocaqlarından, uşaq evlərindən, uşaq bağçalarından, cürbəcür xeyriyyə qurumlarından söz açmıram. Dövlət və cəmiyyət belə yerlərə ayrıca diqqət yetirir. Birgə səylər öz bəhrəsini verir.