Sərbəst insanlar ölkəsində/Cəmiyyət həyatının təməl daşı
←Müvəffəqiyyətin ilk şərti | Sərbəst insanlar ölkəsində. Cəmiyyət həyatının təməl daşı Müəllif: Əhməd bəy Ağaoğlu |
İbtidai məktəbdə və kitabxanada→ |
Ertəsi gün pirlər gəldilər. Son sualımı verdim:
- Ustad, Nizamnamədəki "Qarşılıqlı yardım" ifadəsi nə deməkdir?
- "Qarşılıqlı yardım" deyərkən, vətəndaşların bir-birini düşünməsi və bir-birinə yardım göstərməsi nəzərdə tutulur. Bu qayda cəmiyyət həyatının özülü, təməl daşı sayılır.
"Qarşılıqlı yardım" iki cürdür: mənəvi və maddi. Özünü azad sayan, yəni öz-özünün ağası olan bir cəmiyyət üçün mənəvi yoxsulluq da, maddi ehtiyac da böyük ləkədir. Həmin cəmiyyət öz üzvləri arasında belə vətəndaşların varlığına dözməməlidir. Belə vətəndaşlar varsa, deməli, həmin cəmiyyət öz vəzifəsini yerinə yetirmir. Vətəndaş adlanan adam biliksiz və ya əxlaqsızdırsa, dilənçi, ya da acdırsa, buna cavabdehlik cəmiyyətin boynuna düşür. Bu cür cəmiyyət ya vəzifələrini anlamır, ya da onları yerinə yetirmir. Hər iki hal çox acınacaqlıdır.
- Fərd üçün, cəmiyyət üzvü üçün həmin cəmiyyətin cavabdehliyi nə deməkdir?
- Öncə bilməlisən ki, cəmiyyət fərdlərdən və fərdlərin birliyindən yaranır. Bu səbəbdən, hər bir cəmiyyət öz üzvlərinin hal və vəziyyəti ilə istər-istəməz, bağlıdır. Sonra azad və sərbəst ölkədə hər bir vətəndaş ölkənin ortaq taleyinə qatılır və seçki hüququndan faydalanaraq millət vəkillərini seçir, həmin vəkillər vasitəsi ilə qanunlar hazırlayır. Daha sonra yenə də millət vəkilləri və mətbuat vasitəsi ilə icra və məhkəmə hakimiyyətlərinə göz qoyur və beləcə ölkənin idarəçiliyinə qatılır. İndi soruşuram: dilənçi, əxlaqsız, ya da biliksiz və nə etdiyini bilməyən vətəndaşların bu yüksək vəzifələri layiqincə yerinə yetirəcəklərinə və hər kəsin bağlı olduğu ortaq taleni yaşayacağına cəmiyyət arxayın ola bilərmi?
- Əlbəttə yox !
- Deməli, vətəndaşların yoxsulluğunu, əxlaqsızlığını aradan qaldırmaq cəmiyyətin borcudur.
- Bəs o arzulanmaz hallar vətəndaşın öz istəyindən, öz iradəsindən doğursa, onda necə?
- Yenə də bunları aradan qaldırmağa çalışmaq cəmiyyətin borcudur. Ç ünki o cür iradə və arzu sahibi olan vətəndaş ya xəstədir, ya da yalnız öz xeyrini güdür. Birinci halda müalicəyə ehtiyacı var, ikinci halda cəmiyyətdən qırağa atılmalıdır.
- Müalicə necə olur?
- Savadsızdırsa - oxutmaqla, yoxsuldursa - iş tapıb işə göndərməklə, əxlaqsızdırsa - doğru yolu aşılamaq və cəza verməklə.
- Bu qədər işi kim görməlidir?
- Cəmiyyətin üzvləri və dövlət!
- Ustad, anlamadım axı. Adamlar və dövlət bu vəzifəni öz aralarında necə bölüşə bilər?
- Bölüşmürlər, birgə çalışırlar. Bir millətin önündə gedən ziyalı zümrə bax, bu sahədə öz şüur və vicdan dərəcəsini göstərir. Vəzifələrini anlayan bir mühitdə bilənlər bilməyənlərin, varlılar yoxsulların, əxlaqlılar əxlaqsızların köməyinə qaçar və minbir yolla, vasitə ilə ictimai yardım borcunu ödəyər.
Rəhbər təbəqə başçılıq mövqeyinə haqq qazandırmaq, onu möhkəmləndirmək üçün öhdəsinə götürdüyü vəzifəni yerinə yetirməlidir. Öz vəzifəsinə biganə və ö...ey yanaşan rəhbərlərin isə vəzifəsi müvəqqəti və keçicidir; əli maddi gücdən çıxan kimi, onun rəhbər mövqeyinin də sonu çatır.
- Ustad, dövlət bu vəzifəni necə gerçəkləşdirir?
- İctimai yardım qrupları yaratmaqla. Amma bu barədə danışmaqdansa, ölkəmizdəki belə müəssisələri sənə göstərmək daha faydalıdır. İşin yoxsa, elə indi gedək, tanış olaq.
Həvəslə razılaşdım.