Sərbəst insanlar ölkəsində/Xalqın yönəltdiyi dövlət
←Bir mitinq:Natiqlərin sözləri | Sərbəst insanlar ölkəsində. Xalqın yönəltdiyi dövlət Müəllif: Əhməd bəy Ağaoğlu |
Sərbəst məmləkətdə nəzarət işi→ |
- İndi mümkünsə, 11-ci maddənin mənasını açıqlayın. Bu maddədə deyilir ki, "Şəhər işləri ilə məşğul olmaq üçün yetkin olmaq, yetki qazanmaq şərtdir".
- Oğlum! Bu üsul şəhərin xoşbəxtliyi üçün əsasdır. Azad olmayan ölkələri tək bir şəxs idarə edir. Hökmdar deyilən bu adamın iradəsi hakimdir. Hamı ona baş əyməyə borcludur. Belə ölkələrdə vətəndaşların dolanışıq və səadətindən çox, həmin şəxsin şıltaqlarının yerinə yetirilməsinə diqqət yetirilir. Buna görə də o adam, səlahiyyəti - yetkisi oldu-olmadı, istədiyi şəxsi işə götürə, yaxud işdən azad edə bilər. Belə yerlər işbilməzlər üçün daha sərfəlidir. Axı səriştəyə yox, özünü hakim şəxsə bəyəndirə bilmək keyfiyyətinə dəyər verilir. Ara qızışdırmaq, öz xeyrini güdərək ona-buna yarınmaq, gözə girmək, hiylə və yalan həmin keyfiyyətin tərkib hissələridir. Beləcə, təkcə ölkənin işləri səriştəsizlərin əlində qalmır, həm də hamının əxlaqı pozulur. Gənc nəsil uğur yolunu axtararkən, bilik və ləyaqət örnəyi görmədiyindən, elmə, texnikaya, ciddiliyə, çalışqanlığa, doğruçuluğa qiymət verə bilmir və tanışlıqla iş aşırmağa, öz
xeyri üçün ona-buna yarınmağa, kələkbazlığa, hiylə və yalana meyl salır. İstər adamlar, istərsə dövlət get-gedə alçalır və axırda tamam pozulur. İstibdadın idarə etdiyi bütün ölkələrin sonu bu deyilmi? Belə yerlərdə ölkəni uçuruma aparan amil əslində istibdadın özü yox, istibdad quruluşunun işıqlı adamları mənən əzib korlamasıdır.
Amma o yerdə ki hakimiyyət xalqın əlindədir, ölkəni xalqın öz arasından seçdiyi adamlar idarə edir. Seçki, təbiəti baxımından əxlaqa, ləyaqətə, səriştə və ixtisasa söykənir. Bununla yanaşı bilməlisən ki, istibdad hökm sürən zaman dövlət elə də çox işlərə qarışmır, əsgərlik, xarici dövlətlərlə münasibətlər, ölkə içində inzibatçılıqla məşğul olur. Axı belə işlər həm məşhurluq gətirir, həm də hakimi əzəmətli göstərir. Ölkənin digər işlərinə ya heç baxılmır, ya da bunlar
ikinci dərəcəli sayılır. Tutalım, maariflə, ticarətlə, kənd təsərrüfatı ilə, yol çəkilməsi ilə, sənaye ilə istibdad özünü çox da yormur. Hamının sağlamlığını və sosial ödənc kimi işləri isə əsla düşünmür. Halbuki millətlər öz talelərini öz əllərinə aldıqları zamandan başlayaraq məhz bu işlər dövlət fəaliyyətinin başlıca sahələri olur. Məhz həmin işlər birbaşa millətin həyatı ilə bağlıdır. Ancaq sadalanan işləri görmək asan deyil. Səriştəsiz adam onların altından çıxa bilməz.
Çünki çıxmağa baş istəyir, bilik istəyir. Eyni zamanda dövlət fəaliyyətinin bu cür artması hər bir ölkədə vergiləri çoxaldır, ağırlaşdırır, büdcələri şişirdir. Əhalidən yığılan milyonlarca para həmin işlərə xərclənməkdən ötrü beş-on adama tapşırılır. Deməli, həmin adamların özünə inamlı və bacarıqlı olmaları təməl şərt olur. Xalq dişindəndırnağından kəsib, millət işinə sərf edilmək üçün verdiyi xeyli pulun etibarlı əllərdə olduğuna və səmərə verəcək bir tərzdə xərclənəcəyinə inanmalıdır!Bax, buna görə də xalqın yönəltdiyi dövlət istibdad quruluşunda olduğu kimi, səriştəsizlərin əlində təcrübə taxtası ola bilməz. Elə xalq idarəsi ilə istibdad arasındakı əsas fərqlərdən biri də budur ki, istibdadda dövlət adamlarının və məmurların arxalandıqları güc hökmdarın yaxşılıq və qayğısıdır. Halbuki xalqın yönəltdiyi dövlətdə həmin adamlar yalnız xalqın inamına söykənə bilərlər. Bu inam tükənən kimi hökumət və idarəçilik lap təməlindən yıxılmış sayılır.
Aydın məsələdir ki, xalqın inamını yalnız gözəl əxlaqla, səriştə və ləyaqətlə qazanmaq mümkündür. Yəqin görürsən ki, idarə əxlaqı yerində olan, təcrübə və ixtisas sahibi sayılan adamların etdiyi sərbəst ölkələr gündən-günə yüksəlir və bunun tərsini edən - tək bir şəxsin yönəltdiyi ölkələr hər gün bir az da geriləyir.
- Anladım, ustad! Bu, dəfələrlə sınaqdan keçmiş və təsdiqlənmiş həqiqətdir. Bəs belə olan halda qanunun II maddəsinə gərək qalırmı?
- Sualınızı anlamadım.
- Demək istəyirəm ki, idarəedənlər bu qədər ehtiyatla seçiləndən sonra onları sınamağa ehtiyac qalırmı ki, bir də II maddədə hər vətəndaşın üzərinə bu məmurları nəzarət borcu yüklənir?
- İndi anladım. Bilməlisən ki, sərbəst şəhərdə nəzarət əsasdır. Elə başqa üsullarla sərbəst idarə üsulu arasındakı ən açıq və ən köklü fərq də budur.
Azadlıq nəzarətlə varlığını qoruyur. Azadlıq demək - nəzarət deməkdir. Nəzarət olmayan yerdə azadlıq olmaz və ola bilməz! Bax buna görə də sərbəst ölkədə nəzarətdən keçirmək vətəndaşların həm haqqıdır, həm borcu. Bu üzdən haqqdır ki, onların həyatlarına, müqəddəratlarına aid bir işdir. Ona görə borcdur ki, bu işi görməmək vətəndaşın təməl haqqından vaz keçməkdir.
Sərbəst ölkəyə gəlincə, düzdür, ölkədə məmurlar diqqətlə, ciddi şəkildə seçilirlər. Ancaq unutmaq lazım deyil ki, hökumət və güc pozucu amillərdir. Budda öz ləyaqətini hamıya göstərmək istədiyi zaman ilk işi o oldu ki, hökumətdən çıxdı. İnsanlara hökm etmək ən sayqılı və ən seçmə ruhlarda da hakimlik həvəsi oyadır. Hökumət sürənlər qıraqdan baxan, görən və lazım olduğu zaman tənqidə tutub qınayan gözlərin olduğunu bilməzlərsə, özləri fərqində olmasalar belə, bu həvəslərini artırar və axırda zorakılıq yoluna düşərlər. O səbəbdən idarə edənlərin öz ərəfləri üçün də nəzarətin olması lazımdır. Məhz nəzarət onlara daim borclarını xatırladar, bəlli hüdudları aşmamağa çağırar. Nəzarətsiz ölkələrdə məmur istərsə çalışar, istərsə çalışmaz, kefinə düşərsə qanuna baxar, düşməzsə baxmaz. Başlıcası odur ki, hökmdar ondan razı qalsın! Bax o üzdən belə ölkələrdə məmurların çoxu çalışmaz, qanuna baxmaz.