Sərgüzəşti mərdi-xəsis/Beşinci məclis

Dördüncü məclis Sərgüzəşti mərdi-xəsis. Beşinci məclis
Müəllif: Mirzə Fətəli Axundzadə


Beşinci məclis vaqe olur obada. Heydər bəy alaçığın içində oturubdur, bir gün irəli toy edib gətirdiyi gəlini ilə. Çöldə zurna-qaval çalırlar. Cahıl uşaqlar oynuyub söz oxuyurlar.

H e y d ə r b ə y: Allah, kərəminə şükür! Yuxudur, görəsən, ya zahirəndir ki, mən səninlə qabaqqabağa oturmuşam. İki il çöllərdə dərdinlə gün keçirib axır ki, arzuma yetişdim. Bu nemətin şükrünü yerinə yetirə bilmənəm.

S o n a x a n ı m: Heydər bəy, səni allaha and verirəm ki, bundan sonra dəxi gəzməyə getməyəsən! Vallah, dəxi mənim ayrılığa tabım yoxdur. Allah eləməmiş, əgər sənin başına bir iş gələ, ya qaçaq olasan, ya tutulasan, mən dünyada sağ qala bilməyəcəyəm. Bundan sonra səni bir gün görməsəm, öləcəyəm!

H e y d ə r b ə y: Xatircəm ol! Quldurluğa, oğurluğa hərgiz getməyəcəyəm. Naçalnik də mənə dililə tapşırıbdır. Amma bir yaxşı qazanc yolu tapmışıq. İnşallah sən özün də ona mane olmazsan. Bir artıq iş deyil.

S o n a x a n ı m: De görüm, necə işdir?

H e y d ə r b ə y: Özün bilmirsən? İyirmi beş gün bundan irəli sənə demədim ki, Hacı Qaradan pul götürüb qaçaq mala gedirik? Onda razı olmurdun. İndi xeyrini gördünmü? Gedib gətirən kimi Qarbağ bazarında satıb mayasını verdik Hacı Qaranın oğluna, qazancını götürüb gəldik. Yoldaşlarım da bu səfər paylarını mənə verdilər. On günün içində xarc çəkib el adətincə toy edib səni gətirdim. Əgər sənin sözünə baxıb getməsəydim, ya gərək səni götürüb qaçaydım, ya indiyədək gərək atan evində qalaydın.

S o n a x a n ı m: Bəs deyirlər ki, axır qadağandır, gedib gələnlərə tənbih edirlər.

H e y d ə r b ə y: Əlbəttə, acizləri həmişə tuturlar. Malını alıb tənbih edirlər. Amma mənə kim yavuq gələ bilər!

S o n a x a n ı m: Bəs sənin qabağına heç çıxan olmadı?

H e y d ə r b ə y: Niyə olmadı? Onu birdən çıxdı, qorxutdum, hamısı qaçdı, getdi.

S o n a x a n ı m: Ay aman, Heydər bəy, bu iş də xatalı işə bənzəyir! Doğrusu, mən buna da razı deyiləm! Hacı Qaraya sifariş edəcəyəm ki, dəxi sizə pul verməsin, sizi tovlaşdırıb aparmasın. Vallah bu işi də fikir edəndə ürəyim əsir!

H e y d ə r b ə y: A qız, nə var ki, ürəyin əsir? (Sona xanımın boynunu qucaqlayıb üzündən öpür.) A qurbanın olum, bəs nə işə yapışım? Bəs nə ilə səni saxlayım?

S o n a x a n ı m: (başlayır ağlamağa) Əl çək, bu işdən də əl çək! Mən atam evindən gətirdiyim cehiz ilə bir il yaxşı dolannıq. Sonra bir yaxşı iş tapmasan, özün bil!

H e y d ə r b ə y: Bəs qoy, bir-iki dəfə də gedim, yoldaşlarımın borcun verim, sonra deyərsən dəxi getmənəm.

S o n a x a n ı m: (ağlaya-ağlaya) Heç bir dəfə də qoymanam! Yarım dəfə də qoymanam! Qoy yoldaşların gözləsinlər!

H e y d ə r b ə y: Axır şərtimiz belə idi. Getməsəm, pullarını istəyirlər, gözləməzlər.

S o n a x a n ı m: Sənin işin olmasın, anama sifariş edərəm, atama deyər, onları sakit edər.

H e y d ə r b ə y: Yaxşı, amma mən heç bilmirəm ki, sən nədən ehtiyat edirsən?

S o n a x a n ı m: Mən ondan ehtiyat edirəm ki, genə sənin adın çəkilə, işə düşəsən, mən günü qara olam.

H e y d ə r b ə y: Boş-boş xəyal eləmə. Bu heç vaxt olmaz!

S o n a x a n ı m: Çifayda mən dincələ bilmirəm. Ürəyim yarpaq kimi əsir. Elə bilirəm ki, səni əlimdən alacaqlar.

Bu halda Hacı Qaranın arvadı Tükəz içəri girir.

T ü k ə z: A başına dönüm, mənim ərimi neylədiniz, mənim ərimin başına nə iş gəldi? Siz hamınız gəlibsiniz. Onun nə özü var, nə nökəri var!

H e y d ə r b ə y: Ay arvad, hələ bu vaxtadək gəlib çıxmayıbdır?

T ü k ə z: Xeyir. Axır bu nə iş idi eylədiniz? Kişiciyi tovluyub aparıb avara saldınız! Yoxsa ölümə verdiniz?

H e y d ə r b ə y: Ay arvad, qorxma, görəsən kəndlərin hansında əylənibdir, gələr çıxar, fikir eləmə!

T ü k ə z: Kəndlərdə əylənməz. İndiyədək başı əlində olsaydı, gələrdi. Mən ərimi sizdən istəyirəm! Gərək mənim ərimi necə ki, aparıbsınız, elə də mənə tapşırasınız!

H e y d ə r b ə y: Bizə məhsil vaqe oldun? Ərin uşaq deyildi, nabaliğ deyildi, biz onu tovluyub aparaydıq. Biz ona bir təklif elədik, öz xeyrini yoxladı, qoşuldu bizə getdi hər yerdə muğayat olub, qorxulu yerlərdən ötürüb yola saldıq. Dəxi biz nə eləyək ki, gəlib çıxmayıbdır. Çıx get, başımı ağrıtma!

T ü k ə z: Gedirəm murova, Naçalnikə şikayət etməyə. Mənim ərimi siz itiribsiniz! Bu halda qışqırıq qopur, murov və Naçalnik adamları ilə alaçığı çevirirlər.

M u r o v: Naçalnikin buyuruğudur ki, heç kəs yerindən tərpənməsin.

H e y d ə r b ə y: (qabağa çıxıb) Murov, Naçalnikin qərəzi nədir, buyursun görüm! Burada təqsirli yoxdur ki, ondan qaça.

M u r o v: Təqsirli var, ya yoxdur, ancaq Naçalnik Heydər bəyi görmək istəyir.

H e y d ə r b ə y: Heydər bəy mənəm, hər nə qulluğunuz var, buyurun!

N a ç a l n i k: (irəli yeriyir) Heydər bəy, sən mənim nəsihətimi eşitməyib genə yaman işə qoşuldun? İndi gərək mənim ilə qalaya gedəsən! Sona xanım başlayır titrəməyə, ağlamağa.

H e y d ə r b ə y: Naçalnik, sən mənə buyurmuşdun ki, oğurluğa, quldurluğa getmə. Əgər mən sənin sözündən çıxmışam, mənim yerim Sibirdir.

N a ç a l n i k: Bəli, çıxıbsan! On gün bundan irəli Arazdan bir az yuxarı Əylis ermənilərini soyub ipəklərini alıbsınız. İş aşkar olubdur. Yaxşısı odur ki, tənbihin yüngül olmaq üçün boynuna götür, yoldaşlarını nişan ver.

H e y d ə r b ə y: Naçalnik, buyurursan ki, bu iş aşkar olubdur. Amma mən bir adamı soymamışam. Əgər bir kəs məmim üzümə durub bu sözü desə, mən qanımı sənə halal eylədim

N a ç a l n i k: Yaxşı, Xəlil yüzbaşı, o erməniləri bura çağır!

Xəlil yüzbaşı Ohan yüzbaşını öz dəstəsi ilə irəli gətirir.

N a ç a l n i k: Ohan yüzbaşı, bu idimi sizə rast gələn?

H e y d ə r b ə y: Naçalnik, hər belə mujik sözünə etibar edib məni bədbəxt etməyin!

O h a n: Başına dönüm, mən hərgiz mujik deyiləm. Mən iyirmi ildir vilayət böyüklərinə qulluq edirəm. İyirmi rizaməndlik kağızım var. Keçən il mənə gümüş medal yazmışdılar! Alın, bu kağızları bir oxuyun, görün! (Kağızları göstərir.)

N a ç a l n i k: Hələ mənə sənin qulluqlarını bilməyə vaxt yoxdur. Gördüyün işi söylə!

O h a n: Başına dönüm, mənim bəylik üçün şəhadətnaməm dəxi var! Alın, oxuyun! Şəhadətnaməsini cibindən çıxarıb uzadır Naçalnikə.

N a ç a l n i k: Olan, sözünü de, nəcabətini isbat eləmək qoy sonraya qalsın!

H e y d ə r b ə y: Naçalnik, bu şəhadətnamələrin yüzü bir pula dəyməz. Zatında şübhə olanlar öz həsəbləri üçün şəhadətnamə qayırarlar.

O h a n: Bu sözü Naçalnik hüzurunda deməyib bir başqa yerdə mənə desəydin, bu tüfəng ilə sənə cavab verərdim! (Əlin uzadır tüfənginə, sonra Naçalnikə mütəvəcceh olub) Başına dönüm, mən bu axırıncı nüfus dəftərində bəy yazılmışam. İndi bu mənim bəyliyimi istəyir batırsın. Haqq elə, mən bədbəxt olmuyum.

N a ç a l n i k: Bu saatda buyuraram sənə əlli çubuq vurarlar. Bəyliyi lap unudarsan, əgər sualıma cavab verməsən! Səndən mən soruşuram ki, bu idimi sizə rast gələn? O h a n: Bəli, başına dönüm, bu idi bizim üstümüzə yoldaşları ilə tüfəng və qılınc çəkən! İyirmi yaraqlı-əsbablı atlı idilər. Biz ancaq on adam idik. Əgər bizdən çox olmasaydılar, sizin dövlətinizdən, buları tutardıq. Elə ki, bizdən ötüblər, gedib Əylis ermənilərini soyublar.

H e y d ə r b ə y: Naçalnik, tamam danışdığı sözlər böhtandır!

N a ç a l n i k: Tatar tayfası tamam yalançı olar. Sən də o cümlədənsən, sözünüzə etibar eyləmək müşgüldür. Birisi də yaraqlı-əsbablı, iki tuğlu ermənini əyliyib soyurmuş. İndi aşkara yalan deyir ki, guya ermənilər onu soymaq istirlərmiş.

H e y d ə r b ə y: Mən bilmirəm ki, o kişi kimdir. Mən Qarabağın tamam yaxşı-yaman adamların tanıram. Onu görsəm billəm ki, onun sözü doğrudur, ya yalandır. Sənin başına and olsun ki, həqiqətini ərz eylərəm!

N a ç a l n i k: Xəlil yüzbaşı, o tutulan kişini bura gətirin! (Xəlil yüzbaşı gedib Hacı Qaranıhüzura gətirir.)

N a ç a l n i k: De görüm, bu kimdir, necə adamdır?

H e y d ə r b ə y: Naçalnik, mən bunu tanıyıram. Sənin başına and olsun ki, bu adam soyan deyil, ermənilər xilaf ərz ediblər.

N a ç a l n i k: Xəlil yüzbaşı, erməniləri gətir.

Xəlil yüzbaşı tuğluları gətirir.

N a ç a l n i k: Heydər bəy, odur ki, sənin sözünə etibar etmirəm! Axır özün bir fikir elə: bu ermənilər adam soyandırmı? Amma bu kişi deyir ki, guya bunlar onu soymaq istəyirlərmiş!

H e y d ə r b ə y: Belə deyil, bu kişi də yalan danışır.

N a ç a l n i k: (acıqlanmış) Bəs necə olmaq gərək? Məlum ki, hamınız yalan danışırsınız! Hamınız tənbihə layiqsiniz! Mən gərək səni aparam!

H e y d ə r b ə y: İxtiyar sənindir.

S o n a x a n ı m başlayır titrəməyə.

N a ç a l n i k: (Hacı Qaraya) A kişi, sən axır nə səbəbə bu erməniləri əyləmişdin?

H a c ı Q a r a: Başına dönüm, mən öz kəsb-karım ilə dolanan adamam, heç vaxt yol kəsmək mənim işim deyil. Həmişə alış-veriş eylərəm. Padşaha çox qulluqlar etmişəm.

N a ç a l n i k: Padşaha sən nə qulluq etmisən, a kişi?

H a c ı Q a r a: Başına dönüm, on beş ildir padşah gömrüyünə ildə əlli tümən xeyir verirəm.

N a ç a l n i k: Bəli, çox böyük qulluqlar edibsənmiş! Əlhəq böyük mərhəmətə nail imişsən!

H a c ı Q a r a: Bəli, başına dönüm, bu qulluqlarıma görə gərək mənə qızıl medal veriləydi, nəinki...

N a ç a l n i k: Bəli, sənin kimi qulluq edənlər çoxdur. Verdiyiniz pulları da gərək verib qızıl medal qayıtdıraq, genə özünüzə dağıdaq. Cəfəngiyyat danışma! De görüm, erməniləri niyə əyləmişdin?!

H a c ı Q a r a: Başına dönüm, onlar məni əyləmişdilər.

M k r t ı ç: Qurbanın olaq, yalan deyir, bu bizi soymaq istəyirdi!

Bu halda Cavanşir murovun yasavulu yetişib.

Y a s a v u l: (Naçalnikə) Ağa, murovunuz əylisliləri soyan quldurları tutub, tamam ipəkləri alıb, özlərini dustaq edib. Məni qulluğunuza göndərdi ki, bu xüsusda ərz edim. Dalınca əhvalatı yazı ilə bildirəcək.

M u r o v: Yəqin ki, genə tatardırlar.

Y a s a v u l: Bəli.

N a ç a l n i k: Yoxsa xəyal edirdin ki, ingilis ya firəngdirlər?

O h a n: Başına dönüm, quldur həmişə tatardan olar. Bizlərdən heç vaxt quldur olmaz!

N a ç a l n i k: Kəs səsin, bu sizin doğruluğunuzdan deyil. Ondan ötru ki, cürət edə bilmirsiniz və bacarmırsınız!

Y a s a v u l: Ağa, murov bir qaçaqçı da yük ilə tutub göndəribdir.

Hacı Qaranın rəngi qaçır.

N a ç a l n i k: Hardadır? Hüzura gətir!

Yasavul gedir

H e y d ə r b ə y: Naçalnik, indi sizə məlum oldu ki, mən quldur deyiləm?

O h a n: Ağa, o tutulan quldurlar bişək bunun yoldaşlarıdırlar.

N a ç a l n i k: Həqiqət olunar.

Bu halda yasavul Kərəməlini hüzura gətirir. Hacı Qara onu görən kimi «vay» edib özündən gedir.

N a ç a l n i k: (təəccüblə) Bu necə işdir? Bu kişi niyə özündən getdi? Bunu ayıldın görək!

Murov su tökür, Heydər bəy, Xəlil yüzbaşı qolun boğur, Hacı Qara gözün açır.

N a ç a l n i k: A kişi, sənə nə gəldi özündən getdin?

Hacı Qaranın dili tutulur.

N a ç a l n i k: A gədə, doğrusunu de, səni buraxaram. Bu kişi səni görəndə niyə özündən getdi?

K ə r ə m ə l i: Bilmirəm, başına dönüm.

N a ç a l n i k: Sən kim ilə, haçan qaçaq mala getmişdin?

K ə r ə m ə l i: Mən heç kim ilə və heç vaxt qaçaq mala getməmişdim.

N a ç a l n i k: Nə danışırsan? Səni yükün üstündə tutublar, necə dana bilərsən?

K ə r ə m ə l i: Mənim o yükdən heç xəbərim yoxdur.

N a ç a l n i k: Bəs o mal kimindir?

K ə r ə m ə l i: Bilmirəm.

N a ç a l n i k: Bəs sən at üstündə deyildin?

K ə r ə m ə l i: Bəli.

N a ç a l n i k: Bəs yükü atın üstünə kim qoyubdur?

K ə r ə m ə l i: Şeytan qoyubdur, mənim ondan xəbərim yoxdur.

N a ç a l n i k: Əzizim, biz şeytanı səndən yaxşı tanıyırıq. Ondan çox iş baş verər. Amma o qaçaq mal alış-verişi eləməz. Doğrusunu de, yoxsa dərini soyaram.

H e y d ə r b ə y: Naçalnik, bir ərzim var.

N a ç a l n i k: De görüm.

H e y d ə r b ə y: Qulluğunuzda çox-çox müqəssirəm, amma təqsirimi boynuma götürürəm. Bu kişini mən iki yoldaşım ilə qaçaq malı gətirməyə aparmışdım. Bu tutulan onun nökəridir. Çün bu çox xəsis olduğu üçün malı tutulduğundan ötrü özündən getdi. Erməniləri də malının qorxusundan yolda əyləmiş imiş. N a ç a l n i k: (Heydər bəyə) Mətləb məlum oldu. Bəs yoldaşların kim idi?

H e y d ə r b ə y: Əsgər bəy, Səfər bəy.

N a ç a l n i k: (murova) Onları çağır, gətir!

M u r o v: Bu saatda! (Murov bir yasavul göndərir.)

N a ç a l n i k: (Heydər bəyə) Bəs niyə utanmadın, dedin ki, O h a n yalan danışır?

H e y d ə r b ə y: Ohan həqiqətdə yalan danışdı. Ondan ötrü ki, hamı bir yerdə altı adam idik, qaçaq mal gətirirdik. Dörd yükümüz var idi. Bunlara rast gəlib qorxudub qovduq, çıxıb getdik. Sənin başın üçün. Əylis ermənilərinin soyulmağından bizim xəbərimiz yoxdur! (Bu halda yasavul Əsgər bəyi, Səfər bəyi gətirir.)

N a ç a l n i k: Heydər bəy, yoldaşların bulardımı?

H e y d ə r b ə y: Bəli, bulardır!

N a ç a l n i k: Heydər bəy, əgərçi quldurluq cəhətindən sənin təqsirin yoxdur, amma çün başbortsuz sərhəddən o taya keçib, qaçaq mal keçirib, murov göndərən qarovulların üstünə qılınc və tüfəng çəkibsiniz, zakona görə gərək mən bu saat sizi dustaq edib qalaya aparam.

H e y d ə r b ə y: İxtiyar sənindir, Naçalnik!

S o n a x a n ı m: (yeriyib Naçalnikin ətəyindən tutur) Qurbanın olum, məni öldür, onu aparma! Məni bisahib qoyma!

N a ç a l n i k: Heydər bəy, bu kimdir?

H e y d ə r b ə y: N a ç a l n i k, bu mənim arvadımdır. Dünən toy edib gətirmişəm. Bu bədbəxtliyimə bais budur!

N a ç a l n i k: Necə məgər?

H e y d ə r b ə y: Naçalnik, biz bir-birimizi nəhayətdə sevirdik. İki il idi qovuşmaq həsrətini çəkirdik. Pul tapmırdım toy edim. Axır ki, qaçaq mal gətirib satdıq, qazancı ilə toy elədim, bunu gətirdim. Kaş öləydim, bu günü görməyəydim.

S o n a x a n ı m: Başına dönüm, padşahın başına çevir! Qul xatasız olmaz, ağa kərəmsiz. Yaz bu işi yuxarı bildir, bəlkə mənim göz yaşıma rəhm eləyələr. Mən dilimdən kağız verirəm ki, bundan sonra Heydər bəyi heç bir yaman işə qoymuyam.

H e y d ə r b ə y: Naçalnik, mən hazıram ki, bu təqsirimi öz qanım ilə Dağıstanda padşahın düşmənlərinin qabağında yuyam.

N a ç a l n i k: (murova) Vallah yazığım gəlir bu biçarələri bir-birindən ayırmağa. Görəsən mən bu işi yuxarı bildirənədək bunları zaminə vermək olarmı?

M u r o v: Olar.

Ə s g ə r b ə y: Naçalnik, biz də düşmən qabağında qılınc çalmağa hazırıq!

N a ç a l n i k: (murova) Bunları zaminə ver, ta yuxarıdan cavab gəlincə.

M u r o v: Baş üstə!

Bu halda Hacı Qaranın arvadı Tükəz içəri girib, Naçalnikin ayağına düşüb

T ü k ə z: Başına dönüm, mənim ərimi mənə ver!

N a ç a l n i k: (Hacı Qaraya) Kişi, dəxi qaçaq mala getməzsən ki?

H a c ı Q a r a: Tövbə olsun, Naçalnik! Tövbə, tövbə! Gecə-gündüz sənə dua edəcəyəm ki, məni bu əməldən qaytardın!

N a ç a l n i k: (murova) Bunu da zaminə ver.

H a c ı Q a r a: Başına dönüm, bəs malım necə olsun?

N a ç a l n i k: O barədə səbr elə.

H a c ı Q a r a: Qurbanın olum, malım yetişməsə ölləm!

N a ç a l n i k: Özün bil. Xəlil yüzbaşı, Hacı Qaranın nökərin və tuğluları da burax getsinlər. (Bəylərə) Sizin nəcabətinizə hərgiz layiq deyil ki, yaman əməllərlə özünüzü bədnam edib ümənayi-dövlətin nəzərində xar və zəlil olasınız. Necə ki, oğurluq, elə də qaçaq mala getmək dövlət tərəfindən qadağandır. Padşahın əmrindən çıxan—allahın əmrindən çıxan kimidir. Allahın əmrindən çıxana o dünyada qəzəb yetişər; padşahın əmrindən çıxana bu dünyada; allahın əmrin bitirənə behişt var, padşahın əmrini bitirənə mərhəmət və şəfəqqət. Ümənayidövlətin rəhmi çoxdur; olur ki, sizin bu təqsirinizi bağışlanlar. Amma bundan sonra gərəkdir niyyəti-xalis ilə dövlətə sədaqətəndiş olub, hər bir xüsusda yaman xəyalları başınızdan çıxardasınız!

B ə y l ə r: Can-baş ilə nəshətini qəbul edirik, Naçalnik!

N a ç a l n i k: (S o n a x a n ı mın əlindən tutur) Bax, sənin gözəlliyinə və göz yaşına Heydər bəyi səndən ayırmadım. Ondan yaxşı muğayat ol, genə bir pis iş tutmasın! Ta yuxarıdan cavab gəlincə.

S o n a x a n ı m: Mənim başım üstə, Naçalnik! Arxayın ol! Özümü öldürrəm ki, onu yaman işə qoymanam.

N a ç a l n i k: Çox-çox razıyam! Sənin zamınlığın hər kəsin zamınlığından etibarlıdır. Xudahafiz! (İstiyir getsin.)

H a c ı Q a r a: Başına dönüm, Naçalnik, murovun yasavulları məni tutanda cibimdən yarım abbasımı çıxardıblar, buyur versinlər!

N a ç a l n i k: (murova) Buyur, bu saatda bunun pulunu versinlər! Yasavulların gərək belə əməlləri tərk ola!

H a c ı Q a r a: Allah sənin ömür və dövlətini artıq eləsin, ağa! Nə qədər bədənimdə canım var, sənin bu şəfəqqətini unutmayacağam! N a ç a l n i k uzaqlaşır, dalısınca da adamlar. Pərdə salınır.