Səsli qız
Müəllif: Əhməd Cavad
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27.

Sənin səsin, gözəl qız,
Səslərin ən gözəli.
Eşitmədim belə səs
Dünyanı dinləyəli...
Can alıb yüksəldikcə
Avazın pərdə-pərdə
Çox şeylər görən könlüm
Yenidən düşdü dərdə.
Bülbülün səsi kimi
Qaynayır incə səsin.
Sanki ömrüm uzanır
Uzandıqca nəfəsin.
Acımazsan könlümə,
Zildən enərsən bəmə.
Qız, yazığam bu dildə
Dərdimi şərh eyləmə!
Qız, qurbanmı istərsən
İnlətdiyin bu səsə?
Min dəfə ölsün canım
Söyləməsin bir kəsə.
Qəbul et qurbanımı,
Susma, Allah eşqinə.
Bundan sonra mənimçün
Yaşamaq nə, ölmək nə?!
Hər nəfəsin bir ayə,
Vəhyi-müqəddəs kimi!
Dünyada nemətmi var
Bu səndəki səs kimi?
Heç birinin lütfündən
Tapılmaz ki, bir payı.
Bilirəm ki, dərdindən
Ölənlərin yox sayı.
Qız, bu küskün könlümü
Bircə sənsən güldürən.
Sənsən məni dirildən,
Sənsən məni öldürən.
Məftunam mən səsinin
Bülluri axışma!
Məftunam gözlərinin
Atəşin baxışına!..
Sənin incə səsində
Dalğalanan nəşəyə!
Qurşandım sitayişə
“Nəfxeyi-rəbbim” deyə!
İndi şübhəm qalmadı:
Səsindəki qəhqəhə -
Doğrudan cəlb edərmiş
Sufini eşqilahə!
Səsindəki sirri mən
Gedib sordum dərvişə.
O məndən daha əvvəl
Heyran imiş bu işə!..
Bildinmi, bilmədinmi?
Açmadı sirr Allahı;
Dedi: “Haqqın cilvəsi
Görünür gahi-gahi!
Sirri-həqq hakim olmuş
Ta əvvəldən hər yerə!
Hər qövmin imanı var
Bir səsli peyğəmbərə!
Çoxdandır anlaşılmış
Bu sirr Fərat boyunda.
Axtarırmış o sirri
Kür-Arazın suyunda.
Əskilər onu sormuş
Ağsaqqal ərənlərə;
Haqq nuru, haqq sirrini
Qəlbilə görənlərə.
Demişlər ki, birinci
Gözəllik qız səsidir,
Gözəl qızda gözəl səs
Bu haqqın cilvəsidir!
Hər dinin əsli nədir? -
Qaibdən gələn bir səs!
Biçarə insanlığın
Dərdini bilən bir səs!
Bir çox gözəl qızların
Büllur kimi səsləri
Azmı xilas eyləmiş
Ölümdən bikəsləri?..
Oxudum tarixlərdə:
Qaniçən bir hökmdar
Bir ölkəni amansız
Eyləmişdir tari-mar!
Altı aydan çox sürən
Qanlı bir mühasirə,
Tutulmuşdu çox acı
Basqına birdən-birə!
Yüz minlərlə atılan
Can yağısı oxları,
Dişlərilə çeynəyib
Sərilmişdi çoxları.
Doğranmış əllərindo
Qırıq qılınc qəbzəsi,
Boğulmuşdu köksündə
İgidlərin son səsi.
Yurdunu verməyənlər
Doğranmışdı xınchaxınc.
Tökülmüşdü yerlərə
Dağ kimi qalxan, qılınc!
O yanda qanlı gövdə,
Bu yanda gövdəsiz baş...
Bir qafa çığlamışdı
Hər qəzadan enən daş.
Yüz minlərlə qız, qadın
Dağılmışdı düzlərə.
Ölüm rəngi çökmüşdü
Saralan üz-gözlərə.
Cənnət kimi bir ölkə
Məzarlığa dönmüşdü.
Bir çox evlər yıxılıb
Xanimanlar sönmüşdü.
İşlənməmiş qalmadı
Bir cinayət, bir günah.
Əzmişdi insanlığı
Ordusuyla padişah.
Haqsızlıq oldu qanun,
Yıxıldı xanimanlar.
Hər şeydən xəbərsizkən
Yandırıldı çox canlar.
Qalmadı ağızlarda
Yaşamağın heç dadı.
Bir çox yazıq quşların
Qoparıldı qanadı.
Əsgərsiz komandanlar
Qırıb atdı yayını,
Fələk döndərdi zəhrə
Bu ölkənin payını.
Gülmək zatən yox idi.
Ağlamaq oldu yasaq.
Zavallı məğlub ölkə,
Sana nə hüquq, nə haqq!..
Ertəsi gün çox erkən
Yuyuldu qaldırımlar.
Şallaqla güldürüldü,
Hıçqırıqla bir diyar.
Yuyuldu divarlara
Sıçramış qan ləkəsi.
Vay səsi susduruldu.
Əmr edildi toy sosi.
Haqqı yoxdu kimsənin
Söz deyib, dərd açmaya.
Bəzənib çıxmalıydı
Gələnlər ağlaşmaya.
Döndü, oldu qəhqəhə
Qan qusan hıçqırıqlar.
Çiçək səpəcək oldu
Bütün qəlbiqırıqlar.
Qan içən padişaha
Hazırlandı istiqbal:
- Çıxmalısan qarşıya,
İstəyir öl, istər qal!..
Elə bil olmamışdı
Dünənki keşməkeş də,
Çıxdı güləş üzüylə
O bəxtəvər günəş də!
“Mənim də qanlı, qansız
Ciləlerim var!” deyə
Çıxdı dərin göylərə,
Sıçrayaraq üzməyə.
Yüksəldikcə göylərin
Sakit gəzən sultanı;
Qaranlığın qalmadı
Dodaqlarında qanı.
Çaşdığından əvvəlcə
Buludlar da qızardı.
- Dünən buludların da
Çox dönük rəngi vardı! -
Bir az sonra onlar da
Əkildilər, getdilər.
Yerdə qalan buludlar
Matəmi tərk etdilər.
Kimdir bu sultan deyə
Sordular bir-birindən;
Eşidincə adını
Ah çəkdilər dərindən.
Ağardılar qorxudan,
Çəkildilər dağlara;
Sırmalı bəxtəvər də
Qonaq gəldi bağlara.
Bilmirəm gördünüzmü
Sabah vaxtı çiçəklər;
Çıxınca çaşqın günəş,
Nə dadlı mahnı söylər?!
Bu qıldıqsız günəşin
Sehr var baxışında.
Bir kərə göründümü
Göz yaşı axışında;
Çiçəkli kirpiyində
Yaşdan əsər qalmayır,
Qaşqabaqlı buluddan
Bir salam da almayır...
Nəşədən hallanırlar...
İçirlər zövqü incə...
Çiçəklərdə dadə vardır,
Ta qaranlıq gəlincə...
- Ömürdəndir bir gün də,
Ey çiçək, sevin, haydı!
- Ya batmayaydı Günəş,
Ya çiçək olmayaydı!..
- Bir də ki, bu həyatda
Günəşmi yalnız batan?
Az qaldı deyəcəkdim
Bütün həyat bir yalan!..
- Həyat yalan olsaydı,
Bir coşqun çiçəklər nə?..
Yox, bir günlük də olsa
Həyat həyatdır yenə!..
Dünən bir nişan yoxkən
Bağda səsdən, səmirdən.
Enincə dağdan Günəş
Quşlar da coşdu birdən.
Qarışdı qaqqıltılar
Büllur səsli cəhcəhə;
Yüksəldi hər budaqdan
Bir nazənin qəhqəhə!..
Sanki birdən çalındı
Qumrov, kaman, nayla ney,
Doldu şirin səslərlə
Kölgəli bağ, boz güney...
Məgər bəzən həyatla
Ölüm qardaş olurmuş:
Uçuşurdu yanaşı
Göyərçinlə qızılquş!..
Qorxmadan üzə çıxdı
Eldən qaçan qırqovul.
Yumuşaldı ürəklər
Qalmadı şeytan, çuğul...
Zalımın bəxti üstün
Məzlumların ahından;
Quşlar nə gözləyirdi
Ölüm padişahından!?
Quşlar da, bax, gözəl qız,
Coşdu o gün sənin tək;
Onlar da sərdi, durdu
Yollara səsdən ipək.
Bütün şəhər silkinib...
Əsər qoymadı pasdan,
Dünənki matəm hanı?
Doğrudan çıxdı yasdan.
Düşmən şalım gəlişi
Qanuni bayram oldu.
Bir çox dərdli ürəklər,
Qanlı sevinclə doldu.
Qəribə şeydir insan:
Al əlindən canını,
İstəyirsən ovucla
Hortlat axan qanını.
Qoparıb əz qəlbini
Əylən çırpınmasilə,
Sürükləyib yerlərdə
Beyninin bağasilə,
Heç baxma, istəyirsən
Saflığa, günaha əs;
Bir yırtıcı cəllad ol,
Doğra parça-parça, kəs.
Qadınsa, tut, boğ onun
Qan qusan fəryadını,
Qoy çıxarsın yadından
Sevdiyinin adını.
Qızsa, atın döşündə
Ləhlət gün qızmarında.
Gəlinsə hərraca qoy
Əsirlər bazarında.
Sonra çəkil, uzaqdan
Məğrur baxışla bir bax!
Görəcəksən ölənlər
Baldırında bağırsaq:
Sənin qanlı əlində
Bitməz qüvvət var deyə,
Hazırdır bağışlayıb
Dadsız-dadsız gülməyə.
Bu yoxsul insanları
Qırdırdmmı bir kərə,
Qəhrəman olacaqsan,
Düşəcəksən dillərə.
Keçmişdə coşmayırdı
Məzlumun qanlı kini;
O zamanlar güc idi
Xalqın yeganə dini.
Səyirdərək darğalar
Sağa-sola atını,
Seçdilər əhalinin
Yoxsulunu, tatını;
“Şah keçəcək yolları
Kirlətməsinlər” deyə,
Yolçularla yanaşı
Qovdular dal cərgəyə.
Ordu tirəndazları
Girdilər ellik bağa,
Çalışdılar qalmasın
Ağacda bircə qarğa.
Saçaqlı xalılarla
Bəzəndi bağlı çarşı,
Bayraqlı minarələr
Yüksəldi göyə qarşı,
Kəlisa qülləsində
Çalmdı zorba çanlar.
Az qaldı deyəcəkdim
Mədən də zordan anlar.
Danqırtıyla ötdü çan,
Hazırlandı baş keşiş;
Məscid həyətində də
Eyniylə canlandı iş;
Danışdı şişman xoca
Üç saatdan yuxarı,
Hazır qıldı beyətə
Mömün müsəlmanları.
Xaçilə keşiş çıxdı
Məshəfılə şeyxana;
Çıxdılar istiqbala
Xaçla məshəf yan-yana.
Əllərində sür təsbeh,
Gümüşlü buxurdanlar,
Nazlanaraq səkirdi
Haqqdan qaçan insanlar.
Damağı çağ, kefi kök,
Qamı tox tacirbaşı
Dingildəyib gedirdi
Şeyxlərlə yanaşı.
İnsan əlindən yerə
Düşməzdi iynə atsan;
Yalnız küçələr deyil,
Evlər gətirdi insan.
Dırmaşmışdı uşaqlar
Mazqallı divarlara.
Boylanıb dururdular
Ürkək, zəif, avara!..
Dam üstündə qızlarm
Solğun dodaqlannda,
Boylanan gəlinlərin
İslaq yanaqlarında
Solan hüznün yerində
İndi vardır bir maraq.
Nə çiçəklər yetirir
Bu qan qoxulu torpaq!
Sayılırkən əvvəldən
Bir ölkənin pənahı,
Qarışmışdı xalqma
Ölkənin məğlub şahı.
Şahın bu gün ağır daş
Asılmışdı boynundan,
Çıxmayırdı əlləri
Xələtinin qoynundan.
Keçən gündə edərkən
O, Allah iddiası,
İndi bu son cəlala
Kəsildi, durdu ası.
Gir yerə, ey padişah!
Sənin bu boş başmdan
Nələr çəkdi məmləkət
Bir soruş göz yaşmdan.
Açıldı bayraqlar,
Çalındı boru;
Fələk görməmişdi
Bu vurhavuru.
Toz ərşə dayandı,
Göy dumanlandı;
Torpaq şaha qalxdı,
Toz da canlandı.
Qıvrıla-qıvrıla
Boz bir əjdaha;
Gəlirdi salama,
Büzülmüş şaha.
Böyüdü, canlandı
Donuq nöqtələr...
- Onlar atlılardır,
Nöqtə nə gəzər;
Bir az yaxşı dinlə,
Hey qıya bir bax?
Dördnala gəlirlər
Atlar çaparaq!
Düşmənin də olsa
Bax, bir az əylən.
Özləri igiddir,
Atları köhlən.
Olunca kefm kök,
Yollar da həmvar.
Qızışmış atlarda
Başqa ləzzət var!
O gün doğrudan da
Coşmuşdu atlar.
Uçaraq yetişdi
Qırx, əlli çapar.
Yanaşıb ədəblə
El qarğamı şa;
Dedilər yoldadır
Gərdüneyi-şah.
Qaçdı məğlub şahın
Bəti-bənizi,
Coşdu, dalğalandı
İnsan dənizi.
İstidən bayıla,
Dərddən boğula;
Birdən bütün başlar
Çevrildi yola.
Gözlər qıyılaraq
Qaşlar çatıldı.
Qələnin bürcündə
Toplar atıldı.
Bəzəkli qurbanlar
Sərildi yerə.
Parladı bıçaqlar
Tək bircə kərə...
Əvvəl bir sızıltı...
Sonra təpinmə...
- Dinmə, yazıq heyvan,
Ölsən də, dinmə!
Çevrilmiş gözünlə
Yollara bir bax:
Bu gələn gərdunə
Uğursuz qonaq;
Bilirsənmi, qan!..
Heyvan qanı içər,
İçməyə qan istər,
Olmasa insan.
Bax belə alqışla,
Çırpınıb dur da...
Sənin də payın var
Bu vurhavurda!
Belə bir cəlalı
Görməmisən sən;
Qabaqda Qıratın
Üstündə gələn,
O seyrək saqqallı,
Buxağı salla;
Yeddi tuğ ardınca
Gələn cəlalla;
O qanlı şərabdan
Doymayan Xaqan.
Səndən qan istəyir,
Bilirsənmi, qan!..
Nodənsə qatilləri
Boğmayırmış göz yaşı...
Gəldi uğursuz Xaqan,
Əyildi xalqın başı.
Baxaraq azğın-azğın
Qan daman gözlərdə,
Ürəkdən məğlub şahın
Əyləndi sözlərdə.
Qalxdı başlar səcdədən,
Başlandı çirkin hesab.
Dodaqlar üzəngidə -
Öpüldü çaxçur, corab.
Samur kürkün ətəyi
Öpüldükcə marçamarç;
Ayini təqdis etdi
Məshəf ilə qızıl xaç.
Nə fitvalar çıxardı
Acgözlü yaltaq xoca!
Keşiş də xaç çevirdi
Yalan qusdu bolluca.
Din bir çəkuzandısa,
Həm uzanır, bükülür;
Həm qaynar qətran olur,
Boğazlara tökülür.
Sehrli bir halı var,
Haqq çıxarır yalandan.
Yeni bir fitva tapır
Hər olandan-qalandan...
Qalmadı dal cərgədə
Burda da tacirbaşı.
Keşiş, xoca, bir yerdə
Durmuşdular yanaşı.
Əslisi gəldi sanki
Bağrı yanıq Kərəmin.
Edilən dualara
Ürəkdən dedi: “Amin!”
Ağsaqqallı bir qoca
Bir ehtişam əsiri;
Uğursuz hökmdarın
Beş tuğlu baş vəziri -
Yetirdi məğlub şaha
Buyruğunu Xaqanın:
“Malın, mülkün bizimdir,
Amanda, ancaq canın.
Qarşı çıxdın Xaqana,
Tutmadı, söndü baxtın.
Qılınc çaldıq, qazandıq,
Bizimdir tac və taxtın”.
“Yaşasın”, bağırtısı
Qopunca hər bir yandan,
Hərəkət əmri verdi
Lələkli baş komandan.
Dal qılınc rikabdarlar
Yarıb keçdi irəli.
Yol açdı gərdunəyə
Bağrışaraq sərsəri.
Beləcə əski parça
Bir çırtmayla atıldı;
Bütün bu ölkə xalqı
Çox ucuzca satıldı.
Qaldı bütün kənarda
Can verənlər, ölənlər.
Satışı təsdiq etdi
Tox qarınla gülənlər.
Axşam çökdü şəhərə,
Bir südlü, aylı axşam.
Çoxlu xəbər gətirdi
Şivənli, vaylı axşam...
Ürkək gəzən kölgələr
Qorxurkən bir-birindən,
Göz vurdu yıldızlar da
Göylərin kəfkirindən.
Hıçqırdı yer bu doğru,
Bir bax ki, göy nə hayda?
Solğun dodaqla güldü
Hər dərdə solğun ay da...
Ondan gözəl bu zülmü
Bir can ki, görməmişdi.
Qırğında fırlanarkən
Ay sanki görməmişdi...
Aydan cavab almalı
Ac, kimsəsiz qalanlar...
Çaş-baş olub baxırdı
Aydan soraq alanlar...
Axşam düşüncə susdu
Öz yoxluğilə Allah.
Allah yerində qaldı
Töyşüklü bir yanıq ah!..
Yoxsullar boğulurkən
Bu qanlı, yaslı vayda,
Xaqan dalmışdı eyşə
Bağlardakı sarayda.
Mərmər sütunlu qəsrin
Sarmaşıqlı eyvanı;
Çıraqlarla bəzənmiş
Nurladırdı hər yanı.
Çiçəkli köşkü axşam
Bəzətmişdi əski şah.
Xaqan demişdi:
“İndi Kef etməmək bir günah.
Mənim sadiq vəzirim,
Gəl, gəl baxaq hesaba:
Vəzirimin saqqalı
Boyansın bir şəraba!”
Gül əndamlı saqilər
Dad qatınca kəlamə.
Yaşıl çarşaf sərvlər
Dikildilər səlamə.
Uçuşdu rəqqasələr
Baş vəzir əl çalınca.
Mərmər döşləri üryan
Baldırlar da yalınca...
Atıldı nazlı qızlar,
Töküldü tellər üzə.
Min yerdən “can!” deyildi
Hər axan süzgün gözə...
Gülərkən gül üzlü qız,
Minalı, güllü qabda;
Büllur əyaqda coşdu
Dünya görən şərab da.
Dumanlandı beyinlər,
Süzüldü gözlər tamam.
Əl-ayaqlar göynədi,
Əzildi sözlər tamam.
Çıxardı sanki yaddan
Axıtdığı qanları;
Səvərdi sayqısızca
Orda komandanları.
Xumarlandı gözləri
Çıplaq qadınların da.
Sərildilər yerlərə
Xaqanın yanlarında.
Yüksəldi hər tərəfdən
Şəhvətli, kirli səslər;
Alınlarda dolandı
Ölüm iyli nəfəslər...
Göründü şəhvət açıq
Xaqanın sözlərində;
Ədəbsizlik qabardı
Bərəlmiş gözlərində...
Qaçışın, yazıq qızlar,
Boğsunlar, ölüm barı!
Yox, ölüm dadlı isə
Oynayın, gülün barı!
Bu axşam səs çıxarmaq
Deyil həddi kimsənin.
Günahın ondadır ki,
Adm qadmdır sənin.
Elə isə durmadan
Dincəlmədən çal-çağır;
Batdımı gözəl səsin,
Bağır deyirlər, bağır!..
Ey süzən qumral qadın,
Yazıqsan, süzmə belə!
Qurtarış yoxdur sənə,
Canını üzmə belə!..
Göstərdilər Xaqana,
Kəsmə telli bir qızı;
Dedilər ki, “bu Sara -
Ölkəmizin yıldızı”.
Fərqi yox, qoy süzülsün,
Baxsın belə dərindən;
Nə anlar sərxoş baxış,
Saranın gözlərindən!?
Kim ki, Saranı gördü
Çəkdi xeyli yanıq ah.
Bir şey qanmadı ondan
O qəlbi kor padişah.
O qızıl gül damlayan
Meyli dodaqlarında;
Pənbə rəngi qızardan
Pənbə yanaqlarında;
Hər dəfə çağrılanda
Ürkək gəlişlərində;
Qorxusundan ağaran
O incə dişlərində;
Fikri dərinləşdirən
Qıvırcıq saçlarında;
Qüdrətin qələmiylə
Çəkilmiş qaşlarında;
Dolğun döşdən qabarmış
Töyşüklü sinəsində;
Dünyanı alt-üst edən
Canlı, büllur səsində;
Parlayan aləmləri
Anlarım qan içənlər?!
Nə bilir çiçək nədir.
Kor gəlib, kor keçənlər?!
Kar olanlar dünyanın
Mənasız hay-huyundan;
Nə anlardı Saranın
Orta, oynaq boyundan?!
Donuq bir şey göründü
Duyğusuz padişaha;
“Oxusun!” əmri çıxdı,
Sara coşdu bir daha.
Can verən sərxoş gecə
Ölürkən yorğun, əzgin -
Coşdu qızın səsində
Ölkədə qaynayan kin.
Boş yerə bir ölkənin
Haqsızca axan qanı;
Saranın dodağında
Canlandı, oldu mahnı!..