Səttarxana (Mirzə Ələkbər Sabir)

Səttarxana
Müəllif: Mirzə Ələkbər Sabir


Hali-məczubim görüb, qarə demə divanədir,
Nareyi-şüridəmi zənn etmə bir əfsanədir,
Şairəm, təbim dəniz, şeri lərim dürdanədir,
Bəhcətim, eyşim, sürurim, vəcdim, əhrararənədir,
İncizabım cürəti-mərdaneyi-mərdanədir,
Afərinin himməti-valayi-Səttarxanədir.
Ta ki millət məcməin Tehranda viran etdilər,
Türklər Səttar xan ilə əhdü peyman etdilər,
Zülmü istibdadə qarşı nifrət elan etdilər,
Millətə milliyətə can nəqdi-qurban etdilər,
Ayeyi-Zibhi əzim itlaqi ol qurbanədir,
Afərinin himməti-valayi-Səttarxanədir.
Həq mədədkar oldu Azərbaycan etrakına,
Ali-Qacarın protest ətdilər Zahhakina,
Ol şəhidanın səlam olsun rəvani-pakına
Kim tökülmüş qanları Təbrizü Tehran xakına
Onların cənnət deyildir mənzili aya nədir?
Afərinin himməti-valayi-Səttarxanədir.
İştə Səttarxan, baxız, bir növ iqdimat edib,
Bir vəzirü şahı yox, dünyanı yeksər mat edib,
İrzi-islamı, vətən namusunu yüz qat edib,
Hörməti-heysiyyəti-milliyətin isbat edib,
İndi dünyanın təvəccöh nöqtəsi İranədir,
Afərinin himməti-valayi-Səttarxanədir.
İştə Səttarxan, baxız, İranı ihya eylədi,
Türklük, iranlılıq, təklifin ifa eylədi,
Bir rəshadət, bir hünər göstərdi, dəva eylədi,
Dövlətin bir əynini dünyada risva eylədi,
Qaçmayıb pərvanətək oddan, demə pərvanədir,
Afərinin himməti-valayi-Səttarxanədir.
Afərin təbriziyan, etdiz əcəb əhdə vəfa!
Düstü düşmən əl çalıb eylər sizə səd mərhəba!
Çox yaşa, dövlətli Səttarxan, əfəndim, çox yaşa!
Cənnəti-əladə Peyğəmbər sizə eylər dua,
Çün bu xidmətlər bütün islamədir, insanədir,
Afərinin himməti-valayi-Səttarxanədir.