Səvadi-büqeyi Bağdad çeşmi-həft kişvərdir

Səvadi-büqeyi Bağdad çeşmi-həft kişvərdir
Müəllif: Məhəmməd Füzuli


Səvadi-büqeyi Bağdad çeşmi-həft kişvərdir,
Çiraği-mərdümi nuri-ədalətdən münəvvərdir.

Qamu ətrafına abi-həyati-ədldir cari,
Cəmii-əhlinə tövfiqi-cəmiyyət müyəssərdir.

Süruri müttəsil, zövqi dəmadəm, neməti bihədd,
Fəzasi afiyətəfza, həvasi ruhpərvərdir.

Sürur əhlinə zənciri-təəllüq heyət əczası,
Səri-afaqə baruyi-həsari-hisni əfsərdir.

Binayi-büqeyi-məqbuli əhli-xeyrə mənzilgəh,
Bəsiti-xaki-paki övliyaül-lahə bəstərdir.

Rəvadır övliya bürci demək ol büqəyi-pakə
Ki, hər əllaməyə mənzilgəhü hər elmə məzhərdir.

Əfazil büqə-büqə xaki-pakin mənzil etmişlər,
Nəzər qıl səfhə-səfhə lövhinə, gör kim, nə dəftərdir.

Səvadi-afəriniş nüsxəsindən bir vərəqdir kim,
Qəvanini-ədalət onda mərqumü mühərrərdir.

Nola Fərhadvəş üşşaqi olsa cümlə xosrövlər,
Mübarək səfhəsində surəti-Şirin müsəvvərdir.

Kitabi-kainata sərsəri-fitnə güzər qılmış,
Haman bu səfhə qalmış baqi övraqini əbtərdir.

Məkarihdən həzər, iqbalə rəğbət qılmağa daim,
Mələkdir hər tərəfdən qasidi, sanman kəbutərdir.

Zülali-mədələt sərçeşməsi olsa, əcəb olmaz,
Hərimi-barigahi-rəfəti saqiyyi-kövsərdir.

Bu mülkün şahidi-tövfiqi-iqbali budur hala
Ki, Paşayi-səadətmənd əhli-mülkə sərvərdir.

Zəhi sərdari-saib-rəy, sahib-ədl, dərya dil
Ki, şənü şövkəti ədayə mənsurü müzəffərdir.

Degil həddi-bəşər hüsni-əfafü lütfi-əfali,
Məlaik firqəsindən bir əcəb zati-mütəhhərdir.

Münəzzəhdir qubari-zülmdən nirati-idraki,
Təaləllah, nə xoş pakizə təbü pak cövhərdir.

Zəmiri-biməlali əsvəbi-əfkarə cövlangəh
Vücudi-bimisali əhsəni-əfalə məzhərdir.

Səbati-mülkünə bürhan yetər keyfiyyəti-ədli,
Ədalət qanda olsa müstədam olmaq müqərrərdir.

Əmiri-ədəlü əkrəm Əyasi-pak tiynət kim,
Zülali-ədl birlə tiynəti-paki müxəmmərdir.

Şəha, sən məsnədarayi-səriri-izzü rifətsən,
Tərazi-etibarin səfheyi-dövranə ziyvərdir.

Cəmali-ənvərindir asimani-mədələt mahi
Və ya ol mah kim, xurşidi-rəxşanə bərabərdir.

Pənahi-mülkü millətsən, sədadi-hüsni-tədbirin
Ədu Yəcucinin dəfinə bir səddi-sikəndərdir.

Sənə tabe olan çəkməz məlalü möhnəti-aləm,
Nə qəm zülmat vəhmindən ona kim, Xizr rəhbərdir.

Verir can tiği-xunrizin xəyalilə ədu, gyya
Xəyali-tiği-xunrizin əcəl mürğinə şəhpərdir.

Pəyami-şövkətin yetdikcə ədayi zəbun eylər.
Əzayimxanə div əlbəttə məhkumü müsəxxərdir.

Sənin tiğindən istər bir cida kəsb eyləyə hala,
Cahan ayinəsi kim, gərdi-möhnətdən mükəddərdir.

Sənin təhriki-rəxşi-iqtidarından umar təskin,
Bu günlər dəhr kim, təşvişdən qayətdə müztərdir.

Müxalif zülməti-heyrətdə qalmış əzm cəzm et kim,
Bu zülmət dəfi möhtaci-şüai-tiğü xəncərdir.

Cəzayir əhli tüğyan üzrədir, əzm et ki, şəmşirin
Fəsadi-xuni-fasid dəfinə xunriz neştərdir.

Əzimət qıl ki, dövran müntəzirdir fəth zövqinə,
Rəvan ol kim, zəmanə tabeü düşmən mühəqqərdir.

Cəzayir mülkini qıl Bəsrə iqliminə mülhəq kim,
Peyapey fəthü nüsrət neməti-qeyri-mükərrərdir.

Sərəfraza, Füzuli qeyrdən qəti-nəzər qılmış,
Sənin dərgahinə bir sadiqül-ixlas çakərdir.

Yetər lütfün ona daim, degil hacət tələb qılmaq,
Tərəddüdsüz olur hasil nə kim, həqdən müqəddərdir.

Ümidim var kim, rəyincə ola seyri dövranın,
Fəzayi-asiman ta cilvəgahi-seyri-əxtərdir.