Sağlam gedəm
Sağlam gedəm Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 108 |
Qəfil bir ox atdın, tökdü qanımı,
Qoymadı gəzməyəsə qalam, gedəm.
Sənin fikrin xəstə saldı canımı,
Ümid var, ellərə sağalam, gedəm.
Gətirdin rəngimə sarı, gözəl, sən,
Rəhm eylə, yaramı sarı, gözəl, sən!
Mərhəmət qıl bizə sarı, gözəl sən,
Həsrətəm, ölməmiş sağ alam, gedəm.
İyidlər meydanı, dağı şirindi,
Çəkdirən Fərhada dağı Şirindi.
İman deyər, ləbində ağı şirindi,
Gözün deyir: xəstə, sağal, əm, get əm.