Salatın
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn (2018). Nur çeşməsi (az). Elm və təhsil. Yoxlanılıb 2018-09-20.

Ağ köynəyə min cür çeşni vurubsan,
Heyranam əlində milə, Salatın.
Cilvələnib nə qarşımda durubsan,
Tərifin sığmayır dilə, Salatın.

O qaş-gözün, ay camalın, ay üzün,
Bir kimsəyə olmaz əsla tay üzün.
Nola bir gələsən bizə pay özün,
Əhdim budur dərdim bilə, Salatın.

Məmmədhüseyn gözlərinin müştaqı,
Bülbül olub gəzər bağçanı, bağı.
Zülfünün qarası, qaşının tağı,
Səda salıb tamam elə, Salatın.