Sam Şahzadə
Sam Şahzadə Müəllif: Şifahi xalq ədəbiyyatı |
Dastan |
Keçmiş zamanda Qəndilqala şəhərində ədalətli bir şah var- mış. Bu şahın adına Tərkiman şah deyirlərmiş. O, olduqca ədalətli və səxavətli bir şah imiş. Ona görə bütün şəhər əhli hər vaxt onun ömrünə dua edirlərmiş. Çünki o şah olandan bəri camaatı vergi verməkdən azad edibmiş. Bu cəhətini də ərz eləyim ki, bu şahın heç bir fərzəndi yox imiş. Bu işdən həm şah, həm də xalq çox narahat olurmuş. Ağıllı kişilərdən biri deyir ki:
- – Gəlin bir tədbir görək.
Biri soruşur ki:
- – Bu işə nə tədbir olar?
O biri deyir ki:
- – Niyə olmaz, gəlin bir elə tədbir eyləyək ki, həm Allaha, həm şaha, həm də camaata xoş gəlsin. Gəlin bir neçə yerdə kör- pü, məscid, və dəyirman saldıraq, şəhərimizdə nə qədər kasıb varsa, ona kömək edək. Bir də kim harada yetim görsə, onu öz xərciynən saxlasın. Bu tədbirə hamı razı oldu, dedikləri işə əməl etdilər. Onlar burada qalmaqda olsunlar, indi sizə bir az şahdan danışım.
Tərkiman şah günlərin birində arvadı Dilaramiçəng ilə oturub söhbət edən zamanı birdən arvadının boğazındakı bir padşahın yeddi ilinin xərcindən əmələ gəlmiş boyunbağıda öz əksini gördü. Bir qədər fikrə gedib dərindən bir ah çəkdi. O saat öz mehribanı işi başa düşüb qolunu şahın boynuna salıb dedi:
- – Ey ədalətli şahım, niyə belə dərindən ah çəkirsən, nə olub, allaha şükür, camaat ki, bizdən çox razıdır.
Tərkiman şah dedi:
- – Ey məhbubum, dərdin birini bilirsən birini bilmirsən. Elə mənim də çəkdiyim xalqın dərdidir. Mən indi başa düşdüm ki, çox qocalmışam. Mənim bir neçə illik ömrüm qalıb. Bir övla- dımız olsaydı, bizdən sonra o xalqı dolandırardı. Arvad dedi:
- – Kişi, allah kərimdi, istəsə olar.
Onlar burda qalmaqda olsunlar, indi də sizə bir az şahın bağbanından danışım.
Bu bağban ömrünün çoxunu şahın gülşən bağçasında keçir- mişdi. Buna görə də şah onun xətrini çox istəyirdi. Bağban da çox qocalmışdı ona baxmayaraq yenə də bağa baxan o idi. Günlərin birində bağban gecə yatdığı zaman gördü ki, bir adam başının üstünü kəsib deyir:
- – Qoca kişi, hasarın dibində bir alma ağacı bitib, onu oradan çıxart, apar çarhovuzun sol tərəfində basdır, ona yaxşı qulluq et, o alma ağacı mətləbrüzyədir. Çox keçməz o alma ağacı yekələnər və bir alma gətirər. O almanı dər apar şaha ver.
Qoca kişi sərsəm qalxıb heç kəsi görmədi və bir qədər fikrə gedib yuxusu dağıldı, durub alma ağacını axtarmağa başladı və tapıb deyilən kimi əməl etdi. Çox çəkmədi, ağac böyüyüb bir dənə alma gətirdi. Qoca bağban şükür-sənasını yerinə yetirib almanı budaqdan üzüb, gətirib şahın imarətinə daxil olub başına gələn əhvalatı şaha nağıl edib almanı təqdim etdi. Şah almanı götürüb bağbana bir qədər qızıl ənam etdi. Bağban razılıq edib çıxıb getməkdə oldu. O saat şah arvadını hüzuruna çağırıb alma- nı iki yerə bölüb bir hissəsini özü, bir hissəsinin də arvada verib mətləbini söylədi. Müxtəsəri deyək ki, bir qədər vaxt keçəndən sonra Dilaramiçəng hamilə oldu. 9 ay, 9 gün, 9 saat, 9 dədqiqə, 9 saniyə tamam olan kimi qadın yükünü yerə qoydu. Bir oğlan uşağı oldu. Bütün şəhər əhli toplanıb şaha gözaydınlığına gəl- dilər. Şah da həmin gün şah sarayında böyük bir ziyafət düzəldib xalqı qonaqlığa çağırdı. Nə ki şəhərdə dükan, bazar, yeməkxana və çayxana var idi orada yeməklər pulsuz satıldı. Bir neçə gün- dən sonra camaat yığılıb uşağa ad qoymağa gəldilər. Çox söh- bətdən sonra uşağın adını Sam qoydular. Uşaq dayəyə verildi. Belə-belə uşaq böyüməyə başladı. Müxtəsəri deyək ki, uşağın 8 yaşı tamam olan kimi onu mollaxanaya qoydular. Bir neçə bilici molla uşağa dərs deməyə başladı. Vaxt gəldi keçdi Sam on yeddi yaşa doldu. O çox bilici, çox güclü oğlan idi.
Günlərin birində uşağın əlindən mollalar şaha şikayətə get- dilər ki, Sam daha bizim sözümüzə baxmır. Şah o saat Samı hüzuruna çağırıb oğluna nəsihət verməyə başladı. Sam şahın qarşısında diz üstə çöküb atasına cavab verdi:
- – Atayi-mehriban, mənə mollalıq əl vermir, çünki bizim şəhərdən başqa, sarayda 40 molla var. Bir iş olsa bunların özünə düşməz, bəs mən nə edərəm?
Şah soruşdu:
- – Oğul, bəs sənə nə iş, nə sənət əl verər?
Sam cavab verdi:
- – Mənə pəhlivanlıq xeyirli sənət olar. Bu sənət xeyirlidir. Şah oğlunun sözünü yerə salmayıb, o dəm əmr elədi ki, ona pəhlivanlıq dərsi keçilsin. Bəli, bir neçə vaxt da ona pəhlivanlıq dərsi keçdilər, ta ki Sam 19 yaşa çatdı. Günlərin bir günündə Sam gəzə-gəzə gəlib gülşən bağına çıxdı. Orda bir qədər dolanıb alma ağacının altında dincəldi. Yatıb yuxuya getdi. Bir qədər yatandan sonra bir də gördü ki, başının üstündə bir nurani dərviş durub deyir:
- – Oğul, dur bu badəni nuş elə.
Sam deyir:
- – Dərviş baba, o badə bizə layiq deyil. Atamız icazə vermir içək.
Dərviş dedi:
- – Oğul, bu badə o badələrdən deyil. Bu sevgini sevgiyə yetirən badələrdəndi.
Oğlan, badəni alıb nuş elədi, dedi:
- – Ağa dərviş, yandım bir çarə.
Dərviş şəhadət barmağının arasını göstərdi.
- – Oğul nə görürsən?
Sam dedi:
- – Uzaq yollar, bir şəhər.
Dərviş dedi:
- – Oğul, daha nə dörürsən?
Oğlan dedi:
- – Bir imarət, içində də bir gözəl qız görürəm. Dərviş dedi:
- – Oğul, o qızı sənə buta verirəm, səni də ona. Çox keçməz ona yetişərsən. O qız Cəm şəhərinin padşahı Cəmşidin qızı Məsləhət xanımdı. Çox çəkməz ki, sevgilinə yetərsən.
Oğlan bihuş üzü üstə yerə yıxıldı. Oğlan yatmaqda olsun, sizə xəbər verim bağbandan. Qoca bağban yavaş-yavaş gəlib oğlanı bu halda gördü. Bağban öz-özünə düşünür: “Şükür sənə ya rəbbi, bədbəxt bu almanı özü verdi, özü də aldı.” – deyib birbaşa getdi şahın hüzuruna, əhvalatdan şahı hali eylədi. O dəm oğlanı özü halda imarətə gətirdilər. Nə ki, molla, həkim varsa ora toplandılar. Biri dedi dəli olub, biri dedi qudurub. Biri dedi bunun duası məndədi. Bu vaxt bir təbib gəlib dedi:
- – Bunun xəstəliyini məndən başqa heç kim başa düşməz.
Təbib oğlanın vəznindən bərk sıxan kimi oğlan gözünü açıb gördü ki, nə ki molla, təbib varsa, hamısı bura toplanıb. O saat təbib dedi:
- – Oğul, haran çox bərk ağrıyır, mənə de, mən müalicə edərəm.
Bu sözddən sonra Sam bir saz istədi. O saat ona bir saz tapıb verdilər. Sam götürüb görək təbibə nə dedi:
- Ay təbib, əl vurma, haqqı sevərsən,
- Nə xəstəyəm, nə də yaralıyam mən.
- Bir ala gözlünün fərağındayam,
- Pünhanı eşqindən saralıyam mən.
Təbib dedi:
- – Oğul, mən ki, sənin sözündən bir şey başa düşmürəm, nə demək istəyirsən? Sən ki, xəstəsən.
Sam dedi:
- – Təbib haqq ilə danış, mən xəstə deyiləm. Qulaq as gör nə deyirəm.
- Oldum bir gözəlin payi-bəstəsi,
- Həm yar ənisuru, dil şikəstəsi.
- Qəmin barkeşi hicran xəstəsi, Nə qədər vətəndən aralıyam mən.
Təbib dedi:
- – Oğul, başa düşmürəm, açıq de.
Bir tərəfdən günü keçmiş bir qarı dedi:
- – Doğrudu, siz həkimsiz, mollasız, siz başa düşməzsiz, amma mən yaxşı başa düşürəm. Rəhmətlik kişi ilə mən də belə olmuşdum. Oğul, sən de görüm harada gördün qızı və nə təhər rücah oldun?
- Mənə rücah oldu aləm-vağyadə,
- Pirimin dəstindən nuş etdim badə,
- Məsləhət ərz etdi, ey Sam şahzadə,
- Diyari-Cəmşidin maralıyam mən.
Söz tamama yetdi. Bütün camaat Samın dərdindən hali oldu. Bir neçə gün qalandan sonra Samın ürəyində eşqin dəryası təlatüm elədi, o dözə bilməyib yola düşməyi qərara aldı, anası- nın hüzuruna gəlib getmək üçün görək necə icazə istədi:
- Ana, Cəm şəhərinə qılıram güzar,
- Tərk edib ölkələr, ellər gedirəm.
- Fələyin tədbiri beləymiş mənə,
- Qürbət vilayətə yollar gedirəm.
Anası Dilaramiçəng oğlunun getməsinə razı olmayıb dedi:
- – Oğul, bəyəm baban sənin getməyinə razıdırmı?
Sam anasının cavabında dedi:
- Böyük şah babamnan qıllam iltimas
- Əfv etsin, hüzrundan oluram xilas.
- Zənburun şanına meyl etsə məkəs,
- Od tutar ahundan çöllər, gedirəm.
Anası dedi:
- – Oğul, bu qədər Məcnun kimi nalə çəkmə, bizə yazığın gəlsin.
Anasının cavabında Sam görək nə dedi:
- Ana, Samın dərdi əllilər, yüzlər,
- Sinəmdə alovlar, atəşlər, közlər.
- Sevdiyim Məsləhət yolumu gözlər,
- Car edər çeşmimdən yollar, gedirəm.
Söz tamam oldu, anası ilə öpüşüb görüşdü.
Anası izin verib dedi:
- – Oğul, get uğurlar olsun.
Sam vidalaşıb babasının hüzuruna gəldi, görək babasına nə dedi:
- Ey şahi-ədalət, hakim-vilayət,
- Abad olmuş ölkən, el şən qalasan.
- Ağ-eyvan otaqlar, yanı bağçalar,
- Həsrətin çəkdiyim gülşən qalasan.
- Seyrangahım olan dağınan daşlar,
- Yanır sinəm üstə narı-atəşlər.
- Nigaran qoyduğum yarı, yoldaşlar
- Həftələr, həm aylar, il şən qalasan.
Tərkiman şah dedi:
- – Oğul, hara getmək istəyirsən və kimin yanına gedirsən?
Atasının cavabında görək Sam nə dedi:
- Təklif etmiş Samı bir mələkzadə,
- Cəmşidin şəhrinə o hökmü badə,
- Dəmadəm sevdiyim gələndə yada,
- Odur göz yaşım da sel, şən qalasan.
Sam sözlə dediyim kimi, atasına dillə də dedi, getməyinə icazə istədi. Şah bir qədər fikirdən sonra oğlunu yaxına çağırıb üz-gözündən öpüb icazə verdi və bir neçə nəsihət verdi:
- – Oğul, bu uzaq yoldu, nə qədər istəyirsən, qoşun, qızıl götür, sənə lazım olar.
Sam razı olmayıb bircə at istədi, bir də pəhlivanlıq libası. O dəm şah əmr eylədi ilxıdan bir yaxşı at, bir də polad libas gətir- dilər. Sam göy polada qərq oldu, atın zilkətini yeddi yerdən bər- kidib ata süvar oldu, babası ilə vidalaşıb yola düşməkdə olsun, bütün şəhər əhli, at minməyi bacaran atına süvar olub hamısı Sa- mın başına toplandı. Şeypur, balaban çala-çala Samı yola salma- ğa başladılar. O qədər getdilər ki, az qaldılar sərhəddən çıxsın- lar. Sonra hamısı bir-bir Samnan öpüşüb-görüşüb dedilər:
- – Get, Sam, yaxşı yol, uğurlar olsun.
Sam tək tənha yola düşdü, o qədər at sürdü ki, Qeys dağı deyilən dağı aşdı, atasının torpağından çıxdı. Atın başını çəkib əyləndi. Duman, çiskin hər tərəfini bürüyən zaman aldı görək Qeys dağına nə dedi:
- Yazın mövsümündə bahar əyyamı,
- Müntəzir gözləyir mahalı dağlar.
- Açılan bənövşən, gülün, nərgizin,
- Şəbnəmlər çəkibən mahalı dağlar.
- Hər dağdan ucadı Qeyisin dağı,
- Mərdlər məskənidi sol ilə sağı.
- Abi-zəmzəm suyu, kövsər bulağı
- Dərdlərə dərmandı bahalı dağlar.
- Səndə hasil olur iyidlər kanı,
- Səngərlər, qalalar onun məramı.
- Nəçün incidirsən şahzadə Samı,
- Sinəm yaralı bəy halı dağlar.
Sözünü tamama yetirib Sam yenə yoluna davam etməkdə oldu. O qədər at sürdü ki, bir də gördü tamam ayrı bir qəribə ye- rə çıxıb. O zaman Sam çox qəmginləşdi. Aclıq-susuzluq yavaş- yavaş ona kar elədi. Bir düz ilə gedirdi, amma bilmirdi həyana gedir. Müxtəsəri, bir gün gedib, günbatan zaman bir şəhərin kə- narına çıxdı. Bilmədi neyləsin və harada axşamlasın. Çox gəzib dolanandan sonra gəlib dörd yanı böyük hasarla çəkilən bağın kənarına çıxdı. Öz-özünə fikir elədi ki, elə yaxşı oldu gəl bu bağın içinə bir təhər yol tap, gir bu gecə burada gecələ, həm də at acdı, özüm cəhənnəmə at ac qalmasın. Nə qədər dolandısa, yol tapa bilmədi. Axırı atı cövlana gətirdi hasardan at quş kimi sıçradı, bağın o tərəfinə düşdü. Gördü ki, bu bağ çox qəşəngdi. Özü də gülşən bağdı. Qərəz, atdan sıçrayıb düşdü. Atın yəhərini belindən alıb, atı bağa buraxdı. Yəhəri başının altına qoyub yatan zaman bağban atın hay-harayına özünü yetirdi. Gördü ki, bir cavan oğlan ağayana dirsəklənib. Salam vermədən: – Əyə, balam, məyər bu bağ sənin dədəndən qalıb? Bu yekə nər heyvanı da güllərin içinə buraxıb xarab edirsən, – deyib bağban istədi ki, ata yaxın getsin.
Sam şahzadə dedi:
- – A kişi bura bax, dəymə o allahın heyvanına. Qoy bir az otlasın.
Bağban istədi yenə atı tutsun. Sam cəld yerindən qalxıb bağbanın qolundan tutub elə sıxdı ki, bir də baxıb gördü ki, bağ- banın süysünü sllanır. Tez əlindən yerə qoydu. Bağban özünə gələn kimi yalvardı, oğlanın əlinə, ayağına düşdü.
- – Məni öldürmə, dədəmin baxçası ki, deyil, istəyirsən bir ay da burda qal.
Sam dedi: – Ədə səsini kəs, çox uzunçuluq eləmə, başım ağrıyır. Ataların bir misalı var. Hələ eşitməyibsən? Atalar deyir ki, ac adamla əcəli yetişmiş danışar. Rədd ol mənim gözümdən oyana.
Bağban dalı-dalı çəkilib bir təhər özünə bir siçan yolu tapıb qaçdı. Özünü yetirdi bağ sahibinin yanına. Birinin üstə beşini də qoyub xəbər verdi.
Sam o yerə gəlib çıxmışdı ki, həmin şəhərin adına Enzən- kan şəhəri deyirdilər. Enzankan şəhərinin hökmdarının adına Kavə deyirdilər. Kavə padşahın gözünün ağı-qarası bircə qızı var idi. Qızın adı isə Nəzakət xanım idi. Nəzakət xanımın imarə- ti bir az atasından aralı idi. İmarətin qabağında böyük bir gülşən bağça salınmışdı. Baxçanın ətrafı hündür və möhkəm hasar idi. Ancaq bircə qapısı var idi. Qapının açarı bağın bağbanında olar- dı. Bağbandan başqa heç kəsin həddi yox idi ora getsin. Həmin bağban idi ki, Sama rast olmuşdu. Bağban özünü yetirdi qızın yanına. Başına gələn əhvalatı qıza nəql elədi.
Nəzakət xanım dedi:
- – A qızlar, gəlin bir gedək görək o adam kimdi, nə işin sahibidir ki, cürət edib bağa girib?
Nəzakət xanımın başında qırx kəniz sona kəklik kimi cilvə- lənmiş bağa daxil oldu, bağbana dedi:
- – A kişi, bəs hanı o adam?
Bağban dedi:
- – Xanım, başına dönüm, bax o tərəfdədi.
Qız dedi:
- – Kişi, bəs hansı tərəfi deyirsən?
Bağban dedi:
- – Xanım, mən ora gedə bilmərəm, çünki xasiyyətinə bələ- dəm. Odu bax Səlim ocağı tərəfdə.
Qızlar bu sözə gülüşüb ocağa tərəf getməyə başladılar. Gör- dülər ki, bir oğlan yatıb, elə bil xudavəndi-aləm ilk qələmini bu oğlana çəkib. Qızların hamısı bir-birinin üzünə baxdılar. Xanım da baxdı, bir balaca özündə ağırlıq hiss etdi. Qızların hamısı onu başa düşdülər. Qızlardan biri dedi:
- – Xanım, deyəsən bu oğlan şahzadədi ha.
Xanım dedi:
- – Qızlar,mən də elə hiss edirəm.
Sonra isə o biri qız dedi:
- – Xanım, gəlsənə onu oyadaq, görək bu oğlan nəçidi, kimdi?
Xanım dedi:
- – Qızlar, yazıqdı qoy yatsın, ancaq bir kağız yazıb yanında qoyaq ki, bilsin, bu bağ sahibisiz deyil.
Qızlardan biri dedi:
- – Xanım, nə yazaq ki, bu oğlana xoş gəlsin? Nəzakət xanım görək nə yazmaq istəyir:
- Xab içində yatan cavan şahzadə,
- Gəl bizim ellərə, sor asta-asta.
- Mən olum bir ahu, sən də ol səyyad,
- Düşüb də peşimə var asta-asta.
- Sən məni yandırdın eşqin dağına,
- Hicran atəşinə, qəm fərağına.
- Nə olar, bağban ol, könlüm bağına,
- Dər sinəm üstünnən nar asta-asta.
Qızlardan biri dedi:
- – Xanım belə sözdən bir şey çıxmaz, nə bilir sən kimsən, kimin qızısan?
Xanım dedi:
- – Qızlar, yəni deyirsiz ki, məsələ aydın olsun. Yaxşı, deyərəm, ancaq bu sirr aramızda qalsın.
Hamısı söz verdi. Xanım arxayın oldu. Aldı xanım:
- Şəhri-Enzankandı mənim məkanım,
- Babamdı, hökmdar ey mehribanım.
- Sənə qurban olsun Nəzakət xanım.
- Sevmə məndən qeyri yar, asta-asta.
Söz tamam olub, kağızı oğlanın yaxasını açıb sinəsinin üstünə qoydular. Ancaq oğlanın heç xəbəri olmadı. Sonra isə qızlar getməkdə oldular. Nəzakət xanım qızların hamısına icazə verib dedi:
- – Qızlar çıxıb getdilər dincəlməyə, ancaq Nəzakət xanım bir itiyi itmiş kimi dəli-divanə olub bilmirdi neyləsin. Öz-özünə fikir eyləyirdi, yarəbbi, mən nə eyləyim, mənim dərdimə kim əlac eyləyər. Sonra özgəyə deyərəm işin üstü açılar. Deməsəm səbri-qərarım tamamilə kəsilər. Ax, yarəb, sevgi dözülməz dərd- dir. Mən necə dayana bilərəm – deyib, yenə tək-tənha gəzməyə çıxdı.
Nəzakət xanım gəzməkdə olsun, indi bir az Sam şahzadə- dən qulluğunuza ərz eyləyim. Samın nə qədər yatdığını deyə bilmərik. Amma sübhün meh küləyi yavaş-yavaş üzünə dəyib, oğlanı ayıltdı. Sam ayılan zaman əl atdı yaxasının düyməsini açdı. Balaca bir kağız əlinə keçdi. Oxuyub məzmunundan hali olub fikir elədi. Yarəb, bu kim ola bilər, məni bədbəxtlikmi tutub, yoxsa xoşbəxtlikmi, – deyib cəld durdu və atı yadına düşdü. İstəyirdi ki, atını axtarsın, gördü vəfalı atı başının üstünü kəsib ayağını yerə döyür. Cəld atı tutub, gözlərini sığallayıb, sonra isə öpdü:
- – Atalar deyib ki, atnan arvada etibar olmaz. Ancaq mənim atım o atlardan deyil, çox etibarlı heyvandı, – deyib yenə gözün- dən öpdü, sonra isə ziltəngini yeddi yerdən bərkidib, yavaş- yavaş getdi. İstədi ki, bağdan çıxsın. Qulağına astadan səs gəldi. Ayağını saxlayan zaman nə gördü? Gördü ki, bir qızdı, amma nə qız, misilsiz bir gözəl. Seçmək olmaz, huridirmi, qılmandımı, yoxsa mələkdimi, tovuzdumu, on dörd gecəlik ay kimi şölə verir. Bu qızın hilal qaşları can almaqdadı. Bu qaşlardan bir ox açılıb Samın ürəyini xırda-xırda oymağa başlayan zaman eşq dəryası coşa gəldi, atın başını çəkib, aldı görək qızın belə dəli- dövran gəzməsinə nə deyir:
- Səyahət eyləyən Nəzakət xanım,
- Seyrangah sizindi, gəz qayıt indi.
- Sən məni gətirdin xaki-payına,
- Gəzib sinəm üstə, əz, qayıt indi.
- Geymisən əyninə yaşıllar, allar,
- Tər köynək altında tax hamayıllar.
- Vurdun ürəyimə həbaşi xallar
- Görsənir yaramdan vəz, qayıt indi.
- Sənə qurban olsun Sami-beçara,
- Tərahüm etginən mən tək naçara.
- Olginən təbibim, qılginən çara,
- Çək sinəm dağına xəz, qayıt indi.
Söz tamam olan zaman qız gördü ki, həmin oğlandı bu sözləri oxuyan. Oğlanın bu sözündən və zəhmindən qız yerində donub qaldı, çox həyalandı. Ancaq oğlan da həyalanırdı, həm iki cavanın ürəyində bir ovçudan ürkmüş quş kimi çırpınırdı. Ancaq oğlan qızın o hilal qaşlarından gözünü çəkmirdi. Bir qədər sü- kutdan sonra az qaldı ki, qızın ürəyi çatlasın. Özündən ixtiyarsız olaraq qız birdən dilləndi:
- – Ay şahzadə, siz bizim baxçaya xoş gəlmisiniz. Ancaq icazəsiz bağa girdiyinizə görə günahkarsınız.
O günahınızdan keçmək üçün gərək xanımdan üzr istəyəsiniz, – deyən zaman şahzadə Sam irəli yeriyib dedi:
- – Xanım, mən bu yerə nabələd olduğuma görə sizdən üzr istəyirəm.
Hər iki cavan bir-birinə yaxınlaşıb əl tutdular, görüşdülər. Sonra isə hər ikisi utana-utana söhbətə başladılar. Bir qədər söhbətdən sonra qız bağbanı çağırıb dedi:
- – Qonağın atını tut, sahmana sal, amma heç kəs bilməsin.
Bağban Samın atını tutdu, amma gözünün altından oğlana çox baxırdı: öz-özünə dedi:
- – “Bu nə hesabdır.”
Qız dedi:
- – Ədə, nə fikir edirsən? Sənə mən nə deyirəm yerinə yetir.
Bağban dedi:
- – Xanım, mən bağbanam axı, mehtər ki, deyiləm.
Xanım dedi:
- – Ədə, uzunçuluq eləmə, başa düşürəm ki, nə demək istəyirsən, səni razı edərəm, ancaq heç kəs bilməsin.
Bağban dedi:
- – Xanım, nə işimə, dəvə gördün, izini də yox.
Atı çəkib apardı. Xanım isə Samın qolunu tutub öz imarə- tinə apardı. O saat kənizin birini çağırıb yemək şeyləri əmr etdi. Tez yemək hazır oldu. Süfrə layiqincə düzəldi. Samı Nəzakət xanım yeməyə dəvət etdi. Süfrədə Sam və bir neçə cavan qız, bir də xanım əyləşdi, yemək-içmək başlandı, bağban özünü içəri verib süfrənin bir tərəfində əyləşdi. Bağbanın bu hərəkətinə xanım hirslənib dedi:
- – Ədə, bağban, sənə kim icazə verdi ki, bura gəldin? Bağ- ban dedi:
- – Xanım, məni bağışlayın, mən o səbəbə gəldim ki, bizim qonaq deməzdi ki, bura nə təhər məmləkətdi ki, burada heç bir başı papaqlı kişi yoxdu elə hamısı qızdı.
Bağbanın bu sözündən hamı gülüşdü. Sonra yeyib-içib hərə öz işinə getdi. Bircə oğlanla qız qaldı. Yenə bir az söhbət elədilər, sonra axşam araya gəldi. Nəzakət xanım iki yer saldı, sonra isə araya pərdə tutdu. Oğlan pərdənin bu üzündən qız isə o biri üzündə yatağa girdilər. Ancaq ilan vuran yatdı, bunlar yatmadılar. Müxtəsər, ərz eliyim ki, bir neçə gün belə qaldılar. Hər cavanın üzündə bir həya pərdəsi var idi. Heç kim istəmirdi ki, bu həya pərdəsini üzündən götürsün. Bunların bu məsələsi belə qalmaqda olsun, indi keçək ayrı bir məsələyə.
Günlərin bir günündə Sam ilə Nəzakət xanım imarətin yeddinci qatında oturub, şəhərin mənzərəsinə baxırdılar, şirin- şirin söhbət edirdilər. Söhbət arasında qız soruşdu:
- – Ey Sam şahzadəsi, sizin şəhərin mənzərəsi yaxşı olar, yoxsa bizim?
Sam bu suala cavab verməyib bir qədər də mənzərəyə təzə- dən baxdı. Gördü ki, bu şəhərin bir tərəfi böyük meşədi. Meşə- nin ətəyi ilə bir çay axır. Bir tərəfi isə dağdı. Dağın ən hündür yerində böyük bir qalaça tikilib. Çox gözəl və böyük qalaçadı. Əgər qalaçadan adam baxsa, bütün dünya insannarın ayağının altında görünər. Sam Nəzakət xanımın sualına cavab verdi:
- – Xanım, sizin şəhər də yaxşıdı. Ancaq bizim şəhər də pis deyil.
Qız bir balaca gülümsəyib dedi:
- – Siz hər halda öz şəhərinizə pis deməzsiniz. Şahzadə dedi:
- – Əlbəttə, xanım, çünki hansı torpaq adamı yetirib, gərək adam o tor-torpağa nankorluq eləməyə. Xanım, bu söhbət öz yerində. Sən mənə de görüm o qalaça sənin babanınmı əlindədi? Bütün bu şəhəri gözəl göstərən bax o qalaçadı.
Qız fikrə gedib dərindən bir ah çəkdi, sonra başladı.
- – Ey şahzadə, o qalaçanın tarixi çox uzundu. Söz ki, düşdü, mən söyləyim sən də qulaq as.
Şahzadə dedi:
- – Hə, xanım söylə görək nə təhər, yəni uzundu?
Nəzakət başladı söhbətə.
- – Ey şahzadə, o qalanın sahibinə Keyxan haramı deyillər. O haramı başına yüzlərlə minlərlə haramı yığıb orada məskən salıb. Onlar xalqa çox ziyan vururlar. Kimin malı, atı o dağın bir qulağına gedib düşsə, ondan yiyəsinə xeyir olmur. Bir də görür- sən ki, gecə-gündüz şəhərə basqın eləyirlər. Əllərinə keçən şeyi buraxmırlar, evləri talayırlar. Nə ki yaxşı şey olsa götürüb apa- rırlar. Şəhərin ən yaxşı göyçək qızlarını şəhərdə qoymurlar. Hamısını aparıb o qalaya doldururlar. Gündüzlər dərviş, sail paltarında şəhəri gəzib, yeri bələdliyirlər, gecə isə oranı dağıdıb talan eliyirlər. Şahzadə dedi:
- – Bəs baban bu işə nə deyir?
Qız dedi:
- – Babam nə qədər qoşun çəkdirib, bir mümkün olmur.
Sam dedi:
- – Hərgah mən oranı dağıtsam baban mənə nə verər?
Qız gülüb dedi:
- – Nə istəsən?
Sonra dedi:
- – Babam o haqda elə qərar çıxarıb ki, kim o haramını öl- dürsə, gözünün ağı-qarası bircə qızı... – utanıb başını yerə dikdi, sözün dalını demədi.
Oğlan dedi:
- – Hə, xanım, utanmayın, sözünüzün dalını deyin görək.
- – Sözümün dalını da siz başa düşün-deyib qız özünü ixti- yarsız oğlana söykədi.
Oğlan isə utana-utana qızın başını sığalladı dedi:
- – Xanım, siz mənim ürəyimi xarab elədiniz. Mən sabah onun meydanına gedəcəm. Allah ya ona verər, ya mənə.
O gecəni də başa verdilər. Sabah açılan kimi Sam atını tələb elədi. Atı gətirdilər. Atın ziltəkini yeddi yerdən bərkitdi. Tərlan kimi ata sıçrayıb sonra üzünü Nəzakət xanıma tutub...
- – Xanım, siz salamat qalın. Mən bu meydandan bəlkə qayıtmadım. Əməyinizi mənə halal edin – deyib, ata bir tazyana çəkdi. At yeldən yeyin, sudan iti getdi. Sam bir də gözünü açıb gördü ki, həmin qalanın meydanındadı. Atın başını çəkib əylədi.
İndi sizə xəbər verim, Keyxan haramıdan. Haramı gördü ki, meydanda bir cavan pəhlivan dayanıb, elə bil başına hava gəldi. Cəld atını minib meydana girdi. Hər iki pəhlivan meydanda üzbəüz dayandı.
Haramı dedi:
- – Oğul, sən mənim adımı eşitmədinmi bura gəldin?
Şahzadə dedi:
- – Elə sənin adını eşidib bura gəlmişəm.
Haramı dedi:
- – Oğul, meydanın şərtini bilirsənmi?
Sam dedi:
- – Nə şərtdi? Bu sən, bu da mən, ya allah sənə verər, ya mənə.
Haramı öz-özünə dedi: “Gəl bu cavan oğlana hərbə-zorba gəl: bəlkə qorxa, gedə, hayıfdı belə cavana qılınc vurmaq”.
Sonra haramı qılıncı saz əvəzinə sinəsinə basıb dedi:
- – Oğlan, hələ de görüm, sən haralısan və nəçisən?
Aldı Sam şahzadə:
- Şəhri Qəndilqala mənim məkanım,
- Səfərim Camədi, Keyxan haramı.
- Bəhləmisən Qeysi hərə dağların,
- Sanırmısan kəndin, bəyxan haramı.
Aldı haramı:
- Kəndinə güvənib laf eləməynən,
- Ey Qəndilqaladan gələn şahzadə.
- İçərsən dəsdimdən əcəl şərbətin,
- Ağlar əhvalına gələn şahzadə.
Aldı şahzadə:
- Küsüb də kəndindən et məni dərkuş,
- Ey sarsaq divana, kəndi kərəm huş,
- Cəhənnəm mərgini sənə qıllam nuş.
- Fayda verməz sənə qəvi xan, haramı.
Aldı haramı:
- Mənim yurdum dağlar, daşlar bələnlər,
- Saysız-hesabsızdı burda ölənlər.
- Danışallar, söyləyəllər, biləllər,
- Tarixdə ad qoydum əlan, şahzadə.
Aldı şahzadə:
- Samın sədasından dağlar titrəşir,
- Zərbi-sulətindən tab etməz bəşər.
- Dünyanı səninçün mən qıllam məhşər,
- Yazallar tarixdə duyxan, haramı.
Aldı haramı:
- Sənin tək cocuqlar nə bilər cəngi,
- Xofumnan unudar tiri-xədəngi.
- Keyxan sınıdırıbdı hindi, firəngi,
- Bivaris əlimdə ölən, şahzadə.
Söz tamama yetişdi, hər iki pəhlivan meydanda atlarını cöv- lana gətirib qarşı-qarşıya dayandılar. Keyxan haramı bir nərə çəkib dedi:
- – Ey cavan oğlan, növbət sənindi, ya mənim?
Şahzadə dedi:
- – Bizlərdə qayda budu, əvvəlcə növbəni düşmənə veririk.
Haramı dedi:
- – Onda qalxanı çək başına.
Əmud endi Samın başına. Sam əmudu göydəykən vurub ye- rə saldı. Keyxan gördü əmuddan bir murad hasid olmadı, yenə bir dəli nərə çəkib dedi:
- – Cavan, budu gürz gəldi.
Gürzdən də murad hasil olmadı. Qərəz, növbə gəldi Sama. Hər iki qəhrəman silahlarından o silah qalmadı ki, işlətməsin. Müxtəsəri deyək ki, ustadın dediyinə görə səhər tezdən dava ge- dirdi. Elə bil ki, göyün üzünü bulud tutmuşdu. Hər tərəfi duman, toz bürümüşdü. Nərə səsindən, atların kişnəməsindən bir gurultu var idi ki, qulaq tutulurdu. Əmud, qalxan, gürz, qılınc, nizə bir- birinə dəydikcə göydən qığılcım, od tökülürdü. Sam az qaldı ki, haramının əlində həlak olsun. O, qılıncı Keyxanın harasından vu- rurdu, polada dəyirdi. Gördü ki, olmayacaq, odur ki, haramının qo- lu yuxarı qalxanda qoltuğunun altından Rüstəmyana bir nərə çəkib elə bir qılınc vurdu ki, Keyxanın sağ qolu tamam bir saat göydə fır- landı yerə düşdü. Dalınca da elə bir qılınc vurdu ki, başı bədənin- dən beş qələm aralı düşdü, sonra isə geri dönüb qalan haramıların dağıntısını dağnan bir eləyib qalaçaya daxil oldu. Nə gördü? Gördü ki tamam iki padşahın xəzinəsinin qızılı buraya yığılıb. Sam burada qalmaqda olsun, indi sizə ərz eləyim şəhər əhlindən: Bu şadlıq xəbəri bütün aləmə yayıldı. Enzingan şəhərində nə ki ayağı tutan vardısa, hərə bir xurcun, ya çuval götürüb özlərini qalaçaya yetirdilər. Bu qalaçada nə ki, qızıl, gümüş başqa şey var idisə, birini də qoymadılar. Çünki Samın belə əhdi vardı ki, əgər mən o qalaçanı alsam, orada nə olsa xalqa pay- layacam. Elə də elədi: İndi sizə kimnən xəbər verim, bu şəhərin padşahından. Padşah bu əhvalatı eşidən kimi əmr etdi öz imarətindən qalaçaya qədər nayandaz düzüldü, sonra dedi:
- – O haramını kim öldürüb gərək mənim yanıma payandazın üstü ilə gəlsin.
Qərəz, elə də elədilər. Sam ta gəlib padşahın yanına çıxdı. Padşah Samı görcək durub alnından öpüb yanında əyləşdirdi. O saat şadlıq məclisi düzəldi. Bir neçə gün yeyib-içəndən sonra Samdan soruşdu:
- – Oğul, indi bir de görüm sən kimsən və haralısan? Haradan gəlib hara gedirsən?
Sam haralı olduğunu, haraya gedəcəyini başdan-ayağa pad- şaha nağıl elədi. Şah məzmundan hali olan kimi bir adam gön- dərib qızını hüzuruna çağırdı. Nəzakət xanım yüz işvə-nazla imarətə daxil oldu. Ona yer göstərdilər. Xanım oturandan sonra şah Sama dedi:
- – Oğul, bu mənim gözümün ağı-qarası bircə qızımdı.
Qızımı bura çağırmaqda məqsədim budur ki, sən də məsələdən hali olasan.
Sam soruşdu:
- – Ey qibleyi-aləm, ixtiyar sizindi, buyurun.
Padşah dedi:
- – Oğul, mən belə əhd etmişdim ki, kim o haramını öldürsə, qızımı ona vercəyəm. İndi bu qızım, bu da sən.
Sam razı qaldı. Həmin gündən toy tədarükü görülməyə başlanıldı. Ustadın deməyinə görə qırx gün, qırx gecə toy oldu, qızı verdilər oğlana. Bir neçə gün Sam Nəzakət xanımın yanında qaldı. Ancaq Sam onunla bacı-qardaş kimi rəftar edirdi. Qız məsələni başa düşə bilmirdi. Bilmirdi ki, bu nə işdi.
Günlərin birində Nəzakət xanım imarətdə oturub qəmgin halda gəmisi dəryaya qərq olan kimi fikrə getmişdi. Sam Nəzakət xanımı bu halda görüb eşq dəryası cuşa gəldi, aldı görək nə dedi:
- Gəldim mehman oldum, səni şad edim,
- Oyan bu qəflətdən dur, ala gözlüm.
- Peykan kipriklərin tökər qanımı,
- Çək sinəm üstündən vur, ala gözlüm.
- Sənin gül camalın dağlar laləsi,
- Tökülən dəstindən dost piyaləsi,
- Camalın şöləsi, gözün alası,
- Salıbdı aləmə şur, ala gözlüm.
- Samı bənd elədi zülfü muyuncan,
- Sərv də olmaz qamətincə, boyunca.
- Saxlaram nişanə dünya durunca,
- İsrafil çalınca sur, ala gözlüm.
Söz tamam oldu. Nəzakət xanımın könlünü alıb, məsələdən hali elədi. Sonra isə dedi:
- – Əziz mehribanım, mən öz sevgilimin dalınca gedirəm. Əgər bu yoldan sağ-salamat qayıdaramsa, onda gəlib səni də apararam.
Qız razı olub dedi:
- – Sam şahzadə, indi ki, gedirsən, babamnan icazə al, ondan sonra get. Sənə uğurlar olsun. Mən ölənə kimi səni gözləyib, sənin günlərini sanayacam.
Sam həmin gün durub gəldi Kavə şahının yanına. Bir qədər söz-söhbətdən sonra məsələdən onu hali elədi, getməyə icazə istədi. Kavə şah bir qədər fikrə gedib dedi:
- – Oğul, Cəm şəhəri çox uzaq uoldadı, çox da uzaqdadı və qorxuludu. Çünki o şəhərnən bizim şəhərin arasında böyük bir təhlükə var. O təhlükə həm bizə ziyan verər, həm də Cəm padşa- hına. O elə bir şeydi ki, ona güc çatmaz, çünki o tilsim kimi bir işdi. İndi ona görə mən sənin getməyini məsləhət görmürəm.
Sam gördü ki, şah ona icazə vermək istəmir. Sam işi belə görəndə şaha dedi:
- – Ədalətli şah icazə ver, sinəmə bir xanə gəlib deyim, siz qulaq asın.
Şah icazə verdi. Sam götürüb görək nə dedi:
- Başına döndüyüm ədalət şahım,
- Belə itaətdə yalan deyiləm.
- Əhdi-peyman etdim nazlı yar ilə.
- Mən ki ilqarıma yalan deyiləm.
- İraqdı yollarım, rahımdı uzaq,
- Canansız bu cahan mənimçün duzaq.
- Bəndə işi deyil, bəs necə pozaq,
- Peymanıma xilaf olan deyiləm.
- Belədi Sam üçün haqqın ətası,
- Mövlamın dəstindən nuş etdim tası.
- Şahi-Cəmşid Nazlı yarın atası,
- Unudub eşqindən solan deyiləm.
Şah gördü ki, istər-istəməz şahzadə gedəsidi, dedi:
- – Oğul, gedirsən get, mən bir şey demirəm, ancaq mən belə məsləhət görürəm ki, sən tək-tənha getməyəsən. Özünnən bir neçə min qoşun və sərkərdə aparasan, çünki yol çox qoruxuludu.
Sam şahzadə şahın cavabında dedi:
- – Ədalətli şah, əgər qoşun götürsəydim, atamın sərkər- dələrindən güclü qoşun götürərdim. Çünki bu əziyyəti gərək tək mən çəkəm: qoşunun günahı nədi ki, mənimlə bərabər əziyyət çəksin? Mənə sən yalnız icazə ver, gedim.
Şah dedi:
- – Oğul, get, sənə yaxşı yollar olsun, ancaq Nəzakət xanım- dan da izin al.
Sam şahla öpüşüb görüşdü, sonra Nəzakət xanımın yanına getdi. Yol tədarükü gördülər. Yola düşən zaman Nəzakət xanım dedi:
- – Əzizim şahzadə, uzaq səfərə gedirsən, ola bilsin ki, deyiləsi sözün olar. Ancaq məndən gizlətmə. Çünki mənim ürəyim sənə bağlıdı. Mənim borcumdu sənin sözlərini yadımda saxlayım.
Nəzakət xanım bir balaca yana çevrildi, ala gözlərindən yaş tökdü. Şahzadə Nəzakət xanımı belə dözülməz dərddə qoyub getməyə peşimançılıq çəkirdi. Ancaq nə çarə. Üzünü Nəzakət xanıma çevirib.
- – Mənim məhbubum, ağlamaqdan keçib, bir neçə söz de- mək istəyirəm. Bu sözlərimi yadından çıxartma. Hərdənbir məni yadına sal – deyən zaman Nəzakət xanım gözələrini silib dedi:
- – Hə, şahzadə, de görüm nə demək istəyirsən?
Nəzakət xanımın cavabında Sam dedi:
- – Sənə bir neçə söz tapşırıb gedirəm.
Götürdü görək nə dedi:
- Sağın seyrəqibdən alagöz sonam,
- Var olsun ellərin, aman, əl aman!
- Həsrətindən didarını görməyə,
- Qurbanı dillərin, aman, əl aman!
- Sən eşqə müntəxibsən, mənə məhbub,
- Yaraşır zər-ziba tər əndama xub.
- Ayda bir, ildə bir yazginən məktub,
- Var olsun ellərin, aman, əl aman!
- Yad eylə hərdənbir, bəzən də Samı,
- Kövhəri qəflətdən süzəndə Samı,
- Məcnun tək divanə gəzəndə Samı,
- Öldürür tellərin, məni əl aman!
Söz tamam oldu. Nəzakət xanımla vidalaşıb tək-tənha yola düşdü. Gecə-gündüz at sürdü, neçə ay, gün, yol gedib axırı gəlib bir düzə çıxdı. Bir də gördü ki, at əyləndi. Başını qaldıran saat nə gördü? Gördü ki, böyük qalaça kimi yerdə bir künbəz var, ancaq bunun üsdə böyük adama bənzər ifritə durub. Seçə bilmə- di ki, bu pəhlivandı, ya İfritə. İstədi ki, atını sürüb getsin, həmin İfritə səsləndi:
- – Ey pəhlivan, hara gedirsən?
O, bir at minib şahzadənin qabağını kəsib dedi:
- – Əgər mənim əlimdən salamat qurtarsan, gedərsən.
Sam nə qədər yalvarıb-yaxardısa olmadı. Axırı məcbur oldu ki, dava eləsin. Öz-özünə fikirləşdi ki, ölməyə də mərdlik lazımdı – deyib öz atını cövlana gətirdi. Meydanda onunla üzbəüz dayandı, dedi:
- – Növbə sənindi, ya mənim?
Həmin İfritə pəhlivan dedi:
- – Ey cavan oğlan, meydanın şərtini bilirsənmi, yoxsa elə- belə davaya başlayaq.
Sam şahzadə dedi:
- – O ki, meydanın şərtini xəbər alırsan, indi qulaq as, gör nə deyirəm?
Aldı Sam şahzadə görək nə dedi:
- Kim mənim cəngimə etsə ictinab,
- Ruzigarı siyah tiri-tar olar.
- Ya Əli, deyibən nərə çəkəndə,
- Surəti zərbimdən o, bimar olar. Aldı cavabında İfritə:
- Anla sözüm adam oğlu, dər güzəşt,
- Səndə bir nəsiyyət yadigar olar.
- Məğrurluq eyləmə, zor düşər sənə,
- Xoş xəyal dərrakə dağıdar olar.
Aldı Sam:
- Səceyi-Rüstəməm, etməm ictinab,
- Sahibi-nizəyəm, mən Əfrasiyab.
- Pirim imamətdi, o şiri ərəb,
- Ziynəti dilimdə aşikar olar. Aldı İfritə:
- Mənə gəlmə hərbə-zoru, bilmişəm,
- Rüstəmi ləngahari bilmişəm.
- Cəmi cümlə hər məşhuri bilmişəm.
- Çağır kimlər sənə pərəskar olar. Aldı Sam:
- Mənə qüdrət verib xaliqi-sübhan,
- Müxənnət kimsəni kor eyləsin nan.
- Sam da rəzmidə cəhl edən zaman
- Heybətimdən şəmşir abidar olar. Aldı İfritə:
- Canda bir sahiridi cahan içində,
- Yanarsan alovda, suzan içində.
- Bir baği-bağçada üryan içində,
- Əgər sağ qalasan, iftixar olar.
Söz tamam oldu. Hərbə-zorbadan sonra hər iki pəhlivan əl atdı qılınc-qalxana. Bir qədər vuruşmadan sonra Sam gözünü açıb gördü ki, bir bağın içində üryan yatıb. Cəld durub hərləndi ki, yol tapsın, ancaq mümükün olmadı.
Müxtəsəri deyək ki, otuz doqquz gün bağda üryan hərləndi. Nə ki ürəyi istəyir, bu bağda tapılırdı. Qırxıncı gün gördü ki, həmin meydanda o İfritəylə dava eliyir. Qırx gün də keçən kimi yenə gözünü açıb özünü bağda gördü. Bir neçə belə qırx günlər gəlib keçməkdə olsun. Sam get-gedə zəfəran kimi saraldı. Sonra isə xəstə düşüb yatan zaman öz-özünə fikir elədi. Mən ki özbaşına bu azara düşməmişdim. Məni bu yola dəlalət eləyən kişi var, gəl o kişini çağır, bəlkə sənə köməyi dəydi. Həmin vağyasında gördüyü kişini görək necə çağırdı və nə dedi:
- Sən gördün məni qəflətdə,
- Aşikar ol, ərən bir gəl.
- Mərd igidlər ağasısan,
- Diləkləri verən bil gəl.
- Ərənlərin şahı sənsən,
- Yerin, göyün mahi sənsən.
- Şahın qərərgahı sənsən,
- Camalı xoş vuran, bir gəl.
- Sam cidadı xanasından,
- Yağmur qarın havasından.
- Olmamışdan anasından,
- Lalə, nərgiz dərəm, bir gəl.
Söz tamam olan kimi Sam gördü ki, həmin qoca kişi başının üstündə durub. Sonra Sama dedi:
- – Oğul, məni nə üçün çağırdın? Özünə agahdı. Səni tilsimə salıblar. Sənin bu tilsimdən çıxmağının bircə əlacı var, o da öz fərasətindən asılıdır. Bu gün otuz doqquzuncu gündü. Səhər yenə səni İfritə öz meydanına aparacaq, onda sən bacar onun əlindəki qılıncı vur yerə sal, cəld o qılıncı götür, öz qılıncı ilə onu vur. Əgər öz qılıncı olmasa ona ölüm yoxdu. Sonra isə al, sənə bir lələk verim. O lələyi yandıran kimi bir quş gələr sənin yanına. Həmin quş sənin sözündən çıxmaz. Nə istəsən, o yerinə yetirər. Oğul, daha mən getdim, ancaq dediklərim yadından çıxmasın.
Sam daha qoca kişini görmədi. Öz-özünə “Əcaba, mən başa düşmürəm bu möcüzədi, ya yuxudu, yoxsa bu bir sirdi, ya rəb nə ola səhər fürsət əlimə keçə, mən bu zindandan qurtaram” – deyə fikirləşdi, bir də gördü yenə öz atının belində həmin İfritəynən üz-üzə meydanda dayanıb. Öz-özünə ürək verib, cəld İfritənin qılıncını vurub əlindən yerə saldı. Tez həmin qılıncı götürdü. İfritəyə elə bir qılınc endirdi ki, başından dəyən qılınc bir qədər də torpağa işlədi. İfritəyə dedi:
- – Ey məlun, bir hərəkət elə görüm.
İfritə istədi ki, hərəkət eləsin, bacarmadı, ondan bir inilti, gurultu qopdu ki, gəl görəsən. Yıxılan zaman Sam gördü ki, ifri- tə iki şaqqadı, çəksən bir-birindən oyan-buyan olmaz. Sam başını qaldırıb gördü əyə, burada nə bağ var, nə baxça, nə hasar, heç bir şey yoxdu. Elə hamısı bu İfritəynən yox olub. Müxtəsəri deyək. Sam yenə yoluna davam etməkdə oldu. Bir neçə gün at sürdü. Gəlib bir yaxşı mənzərəli yerə çıxdı, dedi:
- – Burada bir az dincəlim, atın da yorğunluğu çıxsın. Sonra gedərəm.
Atdan düşdü, atı ota buraxıb özü dincələn zaman, həmin qoca kişinin verdiyi lələk yadına düşdü. Tez lələyi yandıran zaman bir murğu quşu güllə kimi özünü yetirib onun yanına düşdü. Sam quşu əlinə alıb başını sığalladı. Sonra öz-özünə fikir eləyirdi ki, yaxşısı budu gecə-gündüz yolunu gözləyən sevgilisi Məsləhət xanıma bir məktub yazım, gəlməyimi bilsin, həm də başıma gələn əhvalatdan da hali olsun. Kağız-qələm götürüb görək murğu quşu ilə nə demək istəyir:
- Murğu, yetir mənim ərzi-halımı,
- Nazlı Məsləhətə bir xəbər eylə.
- Aylar, illər həsrətini çəkdiyim,
- O yarı afətə, bir xəbər eylə.
Sonra görək başına gələn əhvalatdan daha nə yazdı:
- Şəruru can ilə oğradım cəngə,
- Məğlub eyləyibən gətirdim təngə.
- Güc verdim şəmşirə, tiri-xədəngə
- Qoşuldum höcətə bir xəbər eylə.
- Qələm, davat olar mahir əlində,
- Çox çəkdim zalımın qahir əlində.
- Sam da sarsışmadı sahir əlində
- Zor gəldim zillətə, bir xəbər elə.
Söz tamam oldu. Məktubu qatlayıb sanlı murğunun ayağına bərk bağladı. Murğunu əldən buraxdı. Sonra durub atın ziltən- gini bərkidib yola düşdü. Sam gecə-gündüz yol getməkdə olsun, indi sizə bir balaca Məsləhət xanımdan nağıl eləyim. Məsləhət xanım gecə-gündüz sevgilisi Samın yolunu gözləyirdi. Qız fikrə getdi. Samı necə röyada görmüşdü, gözünün qabağına gəldi. Az qaldı ki, dəli- divanə olsun. Bilmirdi ki, nə eləsin. Sonra durub öz baxçasına gəzməyə çıxdı. Baxçada tək-tənha elə gəzirdi ki, elə bil bir itiyi itirib onu axtarır. Hər gülün, hər çiçəyin, hər ağacın yanından ötən zaman elə bil ki, otlar da baş qaldırıb onun ürəyinə təsəlli verirdi ki, ey nazəndə, az dərd çək, yaman günün ömrü az olar. Tezliklə sevgilin Samla görüşərsən. Bu fikirləri elədikcə yavaş- yavaş onun ürək döyüntüsü azalır, təsəlli tapırdı. Bu xəyal içində hərlənən zaman bir də gördü ki, başının üstündə bir şaqqıltı qop- du. Məsləhət xanım ovcundan hürkmüş ahu kimi hürküb bağın açıq bir yerinə çəkilmişdi. Birdən bir quş ona sarı uçub onun çiyninə qondu. Qız istədi ki, quşu əliynənə vurub yerə salsın, bir də gördü ki, bu quşun ayağına bir kağız bağlanıb. Kağızı quşun ayağından açıb oxudu, az qaldı ağlı başından çıxsın. Sonra öz- özünə təsəlli verib, məktubu bir də oxuyub məzmunundan hali oldu. Quşun gözlərindən öpüb bağrına basdı. Quşu götürüb imarətinə gəldi. Dərin fikrə gedib dedi:
- – Tutalım ki, bir neçə günə Sam şahzadə gəldi, mən onu necə qarşılayım? Mən bu işi bacara bilmərəm. Özgə də onu kim tanıyır, kim bilir ki, şahzadədirmi, yoxsa Rüstəm-Zala nisbət bir pəhləvandımı. Yalnız bir sirdən bircə mən haliyam, heç kəs bil- mir. Elə yaxşısı budu ki, götürüb şah babama bir məktub yazım. Bu sirri bilmir, həm sirr açılsın, həm də məsələdən hali olsun, görək axırı nə təhər olar. Məsləhət xanım qələm-kağız götürüb Cəmşid şaha bir məktub yazdı, qasidə verib tapşırdı ki, babamın özünə verirsən. Qasid “bə çeşm” deyib yola düşməkdə olsun, indi sizə ərz eləyim Cəmşid şahdan.
Cəmşid şah vəzirini yanına çağırıb dedi:
- – Qoca vəzir, sən bir ağıllı adamsan. Bu işə bir tədbir tək.
Qoca vəzir diz üstə çöküb dedi:
- – Qibleyi-aləm, ixtiyar sizindi, buyurun görək mənim üçün nə qulluq. Mən sizin əmrinizə hazıram.
Şah dedi:
- – Vəzir, əgər bir neçə günə bir tədbir görməsək, o tilsimli İfritə şəhərin altını üstünə çevirib, qızı aparacaq.
Qoca vəzir dedi:
- – Ədalətli şahım, o haqda biz bir il bundan əvvəl bütün şəhər əhlinə elan etmişdik ki, kim ifritənin tilsimini qırıb, onu öldürərsə, qız onunkudu.
Bu zaman qasid içəri daxil olub naməni padşaha təqdim etdi, getməyinə icazə istədi. Şah icazə verdi. Qasid baş əyib çıxıb getdi. Şah məktubu açıb oxuyan zaman gördü ki, birinci beytdə qız yazıb Ədalətli şah, birinci sizə gözaydınlılığı verirəm. İkincisi isə qulaq asın, görün nə demək istəyirəm.
- Şah baba, təşəkkür haqqı xudaya,
- Arzusun çəkdiyim yar bizə gəldi.
- Gövhər xəcil olmuş nadan əlində,
- Bulundu sərrafı var bizə gəldi.
Cəmşid şah məktubu yarımçıq qoydu, üzünü vəzirə tutub dedi:
- – Qoca vəzir, mən bir şeyi başa düşmürəm. Mənim qızım dəli olub, yoxsa divanə? Onun sözündən belə gəlir ki, onun uzaq yerdən yarı gəlib. Bir də mənim qızım uzaq yarı nə görüb ki, özünə yar tapsın.
Vəzir dedi:
- – Ey şahım, səbr eylə, bir kağızın dalını oxu, görək nə demək istəyir. Şah yenə oxumağa başladı.
- Qəvvas çəkər dəryaların dürrünü,
- Bilmək olmaz yaradanın sirrini.
- Dəf etmiş başından Camın şirini,
- Bulundu sərrafı, var bizə gəldi.
Şah sevindiyindən ayaq üstə qalxıb qoca vəzirin yanına gəldi, dedi:
- – Tarix elə qəhrəman yetirdi ki, İfritəyə qalib gəldi.
Qoca vəzir dedi:
- – Ey şahım, qız uşağı çox şeytan olar. Bizim qanuna görə o pəhlivan kimsə, ona yar deyir.
- Şah namənin gerisini oxudu:
- Butamın dəstindən yazılmış namə,
- Didəm vadar olmuş selinə namə,
- Məsləhət qurbandı belə həmdəmə,
- Çəkdir aləmlərə car, bizə gəldi.
Şah məktubun məzmunundan hali olan kimi dedi:
- – Vəzir, durmağın yeri deyil. Bu saat hər yerə xəbər elə ki, şəhərin hər bir küçəsinə, hər yerinə elan yazıb vursunlar ki, uzaq yerdən bir pəhlivan gələcək. O pəhlivan İfritəni öldürüb bizim şəhərə gəlir. Bütün nə ki, şəhərdə ayağı yer tutan varsa hərə bir at minib həmin pəhlivanı qarşılamağa getsin. Özümüz də gedək.
Qoca vəzir “baş üstə” – deyib çıxdı. Müxtəsər deyək ki, bir neçə saata şahın əmri yerinə yetirildi. Nə ki, ayağı yer tutan var- sa hərə bir ata süvar olub şəhərin kənarına toplandılar. Qoşun əyləndi, onların dalınca padşah, vəzir, vəkil hamı birdən yola düşüb xalq Samı qarşılamağa getdilər. Şəhərdən bir qədər kənar getmişdilər bir də gördülər ki, bir pəhlivan gəlir, gəl ki, görəsən. Elə bil Rüstəm-Zaldı, iyirmi yaşında bir cavandı. Gözəllikdə Yusifə taydı. Oğlan bunları görən kimi atdan sıçrayıb yerə düş- dü. Ədəb-ərkanla padşaha – bütün camaata salam verdi.
Padşah qoca vəzirə dedi:
- – Vəzir, deyəsən bu oğlan şahzadədi.
Vəzir dedi:
- – Elə görünür.
Sonra şah dedi:
- – Vəzir, bir soruş görək həmin oğlandımı?
Vəzir dedi:
- – Oğul, hansı şəhərdənsən? Səfərin haradı?
Sam dedi:
- – Qəndilqala şəhərinnənəm. Cəm şəhərinə gedirəm.
Vəzir dedi:
- – Oğul, Cəm şəhərinə kimin yanına gedirsən?
Şahzadə dedi:
- – Cəmşid şahın.
Qoca vəzir dedi:
- – Oğul, həmin Cəmşid şah budu.
Sam şahzadə o saat əllərini döşünə qoyub diz üstə çökdü. Şah onu tez yerindən qaldırıb alnından öpdü. Sonra isə ata minib bərabər şəhərə yola düşdülər. O saat şadlıq məclisi quruldu. Bir neçə gün yeyib içməkdə oldular. Kef məclisində Sam öz dərdini qoca vəzirə açıb nağıl etdi.
- – Qoca vəzir, mən Qəndilqala şəhərindən qılınc vura-vura ta ki Cəm şəhərinə Məsləhət xanımdan ötrü gəlmişəm. İndi sən bilirsən nə etmək lazımdır?
Qoca vəzir dedi:
- – Oğul, sən arxayın ol, mən tezliklə işi sahmana salaram. Qoca vəzir işi sahmana saldı, toy tədarükü görüldü. Cəmşid şah qırx gün, qırx gecə toy vurudurub Məsləhət xanımı Sam şahzadəyə verdi. Sam bir neçə ay burada qaldı. Günlərin birində Cəmşid şahla söhbət edən zaman atası Tərkiman şah yadına düşdü. Bütün imarət başına hərləndi. Şah onu bu halda görüb yaxın gəldi, soruşdu:
- – Oğul, olmaya xəstələnmisən? Rəngin qaçıb.
Sam dedi:
- – Xeyr, qibleyi-aləm, əgər icazə versəniz deyərəm.
Şah dedi:
- – Oğul, de görüm.
Sam götürüb görək nə dedi:
- On səkkiz ay qürbət ellər içində
- Üzür qıl şah baba, Kana gedim mən.
- Gözü yolda ata-ana qoymuşam,
- Yad edib intizar xana gedim mən.
- Mərd igid qürbətdə olarmı xəstə,
- Nə eşqi-damaqda, nə də həvəsdə.
- Nə danışmaz, gülməz, sanki şikəstə,
- Əhv elə, çatmışam cana gedim mən.
- Samın həsrətidi tamamən ellər,
- Çəkəllər arzumu, aylar və illər.
- Dağlarda ruzigar, dərədə sellər,
- Üz çevirib bir ümmana gedim mən.
Söz tamam oldu. Sam diz üstə çöküb dedi:
- – Qibleyi-aləm, mən vətəndən çıxalı on səkkiz aydı. On səkkiz ayda bilmirəm atam, anam necə dolanırlar. Atam çox qocadı. Mən istəmirəm qoca vaxtı mənim dərdimi çəksin. O səbəbdən gərək mənə izin verəsən.
Şah bir qədər fikrə gedib dedi:
- – Oğul, mən də razı deyiləm sənin bu qədər burada qalmağı- na. Çünki sən elə yersiz adam deyilsən, özün bir şahzadəsən. Ma- dam ki, şahzadəsən, öz vətəninə getməyə razılıq verirəm. Ancaq oğul, bir neçə gün də qal, sənin getmək tədarükünü görüm.
Elə də razılaşdılar. Tədarük görülüb hazır olan zaman şah Samı hüzuruna çağırıb dedi:
- – Oğul, mən səni tək buraxmayacağam, bir neçə sərkərdə qoşunla getməlisən.
Buna Sam da razılaşdı. O gün qırx qatır, dəvəyə Məsləhət xanımın cehizi yükləndi. Cəm şəhərindən gəlib Enzengah şəhə- rinə çatdılar. Sam sərkərdələri hüzuruna çağırıb dedi:
- – Qoşunu burada dayandırmaq lazımdı.
Şəhərin kənarında çadırlar quruldu, qoşun əhli dincəlməkdə oldu. Sam öz sevgilisi Məsləhət xanımın yanına gəlib bir gün icazə aldı. Məsləhət xanım dedi:
- – Mən bilirəm sən Nəzakət xanımı gətirməyə gedirsən. Əgər o qız məndən gözəl olsa, məni qafilə qatır ilə geri qaytararsan.
Sam bir söz demədi. Başladı getməyə. Sam getməkdə ol- sun. O yerə gəldi ki, Nəzakət xanımı orada görmüşdü. Baxdı ki, qız yoxdu. Bağbandan Nəzakət xanımı soruşdu: Bağban dedi:
- – Əhd eliyib ki, Sam gəlməyincə mən öz imarətimdən çölə çıxmayacağam.
Sam Nəzakət xanımın imarətinə getdi, qız onu görəndə qəşş eləyib yerə yıxıldı. Nəzakət xanımın üzünə Sam şahzadənin göz yaşı düşəndə ayıldı, gördü başı Sam şahzadənin dizi üstündədi. Hər iki cavan görüşdü, öpüşdü.
Sam dedi:
- – Ey mehribanım, niyə zəfəran kimi saralmısan?
Nəzakət xanım aldı görək ona nə cavab verdi:
- On səkkiz ay, şamsız xanə içində,
- Ağlayıb qalardım, zar səndən ötrü.
- Leyli-nahar həsrətini etdiyim,
- Arzular çəkirdim yar, səndən ötrü.
Aldı Sam şahzadə:
- O ala gözlümün gözü yoldadı,
- Bağda heyva, nar var, yar səndən ötrü.
- Əhsən bağbana olsun afərin,
- Becərib bəsləmiş bar, səndən ötrü.
Aldı Nəzakət:
- Geyib sarmanıbdı tirmə atlası,
- Dərdin həvəskarı, gözəllər xası.
- Könlümün istəyi, dil təmannası
- Oturdum qeyrətlə, ar səndən ötrü.
Aldı Sam şahzadə:
- Xeylidi vəsmindən mənəm aralı,
- Hicrinə baş əyən əlbət saralı.
- Qəlbimin ceyranı, könlüm maralı,
- Kəs məni qurbana yar, səndən ötrü.
Aldı Nəzakət:
- Baxmadım kimsənin qəddi-qamına.
- Çünki dalmış idim Leyli halına.
- Nəzakət xanımın xoş iqbalına,
- Günəş sayə saldı kar, səndən ötrü.
Aldı Sam şahzadə:
- Qüdrətdən sürməni gözə yetirən,
- Büküb tellərini üzə yetirən,
- Hicranlı cismini gözə yetirən,
- Şahzadə Sam kimi var, səndən ötrü.
Söz tamam oldu. Müjdə getdi qızın atası Kavə şaha ki, gözün aydın olsun. Sam şahzadə gəldi. Şah qızı Nəzakət xanımı və Sam şahzadəni yanına çağırıb dedi:
- – Oğul, başına gələn əhvalatı nağıl elə.
Sam başına gələn əhvalatı ona nağıl elədi. Sonra dedi:
- – İcazə verin biz gedək.
Həmin gün tədarük görüldü, yüz qatar dəvəyə cehiz yüklən- di. Nəzakət xanımı gətirdilər Məsləhət xanımın yanına. Hər iki gözəl öpüşdü, görüşdü. Sam şahzadə sərkərdələri çağırıb yola düşmək əmri verdi. Qaflə-qatırı yükləyib Qəndilqala şəhərinə yola düşdülər.
Qəndilqala şəhərinin iki yolu vardı. Biriynən altı aya get- mək olardı, biriynən üç aya. Sam üç aylıq yolunan gedirdi. Ata- sının torpağına az qalmışdı çata. Bir böyük qalaçaya rast gəldi. Onların qabağını bir pəhlivan kəsdi, adına Təhri deyərdilər. Soruşdular:
- – Nə üçün yolu kəsmisən?
Dedi:
- – Burdan keçən torpaqbasdı verib keçməlidi.
Sam dedi:
- – Ey ərəb, gəl incitmə, bir qədər qızıl, gümüş verim, izin ver gedək.
Ərəb cavab verdi:
- – Mana uzunçuluq lazım deyil, ya hamısını qıracayam, ya da adambaşına torpaqbasdı verəcəksiniz.
Müxtəsəri, hər iki pəhlivan meydana atıldı. Axırda belə qərara gəldilər ki, kim məqlub olsa, cah-cəlal onun olsun. Sam dedi:
- Ey ərəb, güvənmə hərbə-zoruna
- Sana fayda verməz fellər ağlarsan.
- Bir gəliş gələrəm ruzigarına
- Yanar əhvalına ellər, ağlarsan.
Aldı Təhri:
- Ey cocuq, üz qıl mənəm bir əzab,
- Düşübdü payıma qullar ağlarsan.
- Mən oldum anadan o şiri əzab,
- Salaram gözünə tellər, ağlarsan.
Sam dedi:
- Mənəm bir mövlanın kəmər bəstəsi,
- İsminə can fəda dil şikəstəsi.
- Arasti səfərlərlə keflər dəstəsi,
- Keçibən qılıncdan illər, ağlarsan.
Aldı Təhri:
- Duyurlar ismimi ürəkdə xali,
- Baş qoyub qarşımda olasan hali.
- Görən igidlərin artar zavalı
- Qərq oldu ümmana sellər, ağlarsan.
Sam dedi:
- Sama mövla nəzər barı çəkildi,
- Qüdrətindən yadigarı çəkildi.
- Uzun illər ahı-zarı çəkildi,
- Ey yazıq, başına küllər ağlarsan,
Aldı Təhri:
- Təhrinin tərifin alimlər bilir,
- Duymasan isminə qəlbindən dilir.
- Gəl, olsa sənin tək neçə min dəlir,
- Sanaram dağlarda yerlər, ağlarsan.
Söz tamam oldu, hər iki pəhlivan əl atdı qılınca. Təhri qışqırdı, növbət Sama yetişəndə qoltuğunun altından bir qılınc vurub öldürdü. Qoşun cah-cəlalla Sama yetişdi. Sərkarın biri açarları Sama verdi. Sam bir-bir qapıları açdı, nə qədər ləli- cəvahir var idisə qoşuna payladı.
Təhrinin sərkərdələrindən biri dedi:
- – İki qoca zindandadır. Onları burax.
Sam gördü zindanda olan qocalar öz atasıynan onun vəzi- ridi. Üz-gözləri tüklənib. Sam onlarla görüşüb öpüşdü. Sam soruşdu:
- – Atayi-mehriban, nə səbəbə təxti-tacı buraxıb zindana düş- müsən?
Atası dedi:
- – Səni axtarmağa çıxmışdım. Birdən hər yeri duman basdı, bizi tutub bu qalaçaya gətirdilər.
Atası ilə vəziri götürüb öz şəhərlərinə gəldilər. Şadyanalıq keçirildi. Sam şahzadəyə qırx gün, qırx gecə toy oldu. Onlar murad hasil elədilər.