Samavar (Şair Nəbi Borçalı)

Samavar
Müəllif: Nəbi Miskin
Müsəddəs
Mənbə: Şair Nəbi Borçalı. Sığındım Mövlaya. Bakı, “Çıraq” nəşriyyatı, 2013

Məclisi şad eyləyər, gələndə hayın samavar,
Düzülüb istəkanın, verilir çayın, samavar.
Qaynara düşən vaxtı, çalınır toyun, samavar,
Doğrusu yox dünyada, mislin, tayın samavar.
Desələr halın necədi, şanın, şöhrətin ucadı.
Stola xub yaraşır, qısadı boyun samavar.

Əvvəlindən adət budu, toy babası süfrə sərə,
Gətirə şirin çayı, yanında balinan kərə.
Zər istəkan, gümüş qaşıq, naxış verə bölmələrə,
Şəhdini zən eləsən, sevdası vurur sərə.
İnsanı eşqə salar, neçə növ qayda çalar,
Gördüm ki, çoxdu bizə, bu haqqı sayın, samavar.

Cəm edib məxluqatı, baxın bunun divanına,
Kimsədən qorxusu yox, əgər gəlsə xan yanma,
Günbəgün şölə verir dəsmalı çəkin canına.
Yaqutdan çox rənglidi, bənzəyir xoruz qanına.
Yaşasın qayran ustalar, dirilər içən xəstələr.
Dərdliyə dərman olur, illacdı, çayın, samavar.

Şair Nəbi səni görüb, gör necə gəldi həvəsə,
Afərin olsun saqiyə, diqqət yetirir hər kəsə.
Günortanın bozartması, plovnan düşəndə bəsə,
Yumurtaynan inək südü, bir özgə məlhəmdi səsə.
Şövqə gətirər aşığı, evlərin yaraşığı,
Əslindi mis mədəni, xəlisdi soyun samavar.