Saqiya, mey ver ki mən meyxanədə küllənmişəm

Saqiya, mey ver ki mən meyxanədə küllənmişəm
Müəllif: Fatma xanım Kəminə
Mənbə: Fatma xanım Kəminənin şeirləri — azadliq.org saytı. Yayımlanıb: 11.03.2013.

Saqiya, mey ver ki mən meyxanədə küllənmişəm,
Qəm hücumundan qaçıb bir küncdə gizlənmişəm.

Şuri-eşqin eyləyib divanə, müddət gəzmişəm,
Bağlayıb dil həlqeyi-geysuya ta dincəlmişəm.

Zülfi-kəcgarın salıb sevdayə könlüm, sud yox,
Tari-muyin kimi tari-muy tək incəlmişəm.

Sinəmi hər ləhzə tiri-qəmzən ilə qılma çak,
Mən də vaxtında sənin tək naz ilə bəslənmişəm.

Məst sanma, eyləmə tənə mənə hər dövrdə,
Çeşmi-məxmurun məni məxmur edib millənmişəm.

Bir əyağ ilə əlim tut, eyləmə birəhmlik,
Çox oturdum sümm-bükmün* imdi ta dillənmişəm.

Çun xəzan olmuş fəraqində tənü cani-həzin,
Açılıb zəxmi-dərun gül-gül, əcəb güllənmişəm.

Çəmxəmindən piçütabə gəldi könlüm riştəsi,
Fikri-sərvi-qamətindən rast ikən xəmlənmişəm.

Qan olub könlüm mənim bu badeyi-səhba kimi,
Dürdi-mey tək şişədə çoxdan qalıb lillənmişəm.

Bir sənubər qamətü gülpeykərü Leylivəşin
Valehü heyraniyəm, Məcnunsifət çöllənmişəm.

Oldu zülfün telbətel, yetdi dimağə buyi-müşk,
Açılıb könlüm, Kəminə, gör necə tellənmişəm.