Sayasan
Müəllif: Xəstə Bayraməli
Mənbə: Xəstə Bayraməlinin şeirləri (1898-1952). goyce.az, 27.12.2018

Mərd igidlər nə nişanda bəllidi,
Arifsənsə, gərək doğru sayasan.
Səxavətdə, şücaətdə ad ala,
Mən söyləyim, sən astaca say asan.
 
Halalsansa, vermə ömrün nə bada,
Nə şərab çək, al əlinə nə badə,
Pis adama yön çevirmə nəbadə,
Binamusu, nanəcibi sayasan.
 
Bayraməli, əzbər eylə, oxu nan,
Qəm ləşkəri dəldi bağrım oxunan.
Ey taleyi ilahidən oxunan,
Gedərgisən, günlərini sayasan.