Saydılar bizi
Saydılar bizi Müəllif: Pir Sultan Abdal |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Yatmış idik oyatdılar.
Diriyə saydılar bizi.
Qoyun olduq səs anladıq.
Sürüyə saydılar bizi.
Sürülüb qəssaba getdik,
Qənarədə məkan tutduq,
Didar dəftərinə yetdik,
Ölüyə saydılar bizi.
Halımızı hal eylədik,
Yolumuzu yol eylədik,
Hər çiçəkdən bal eylədik,
Arıya saydılar bizi.
Eşq dəftərinə yazıldıq,
Pir divanına düzüldük,
Bal olduq şərbət əzildik,
Doluya saydılar bizi.
Pir Sultanam, Heydər burda
Çox keramət var insanda.
O cahanda, bü cahanda
Əliyə saydılar bizi.