Sevərəm Qır atı, bir də gözəli

Sevərəm Qır atı, bir də gözəli
Müəllif: Dadaloğlu
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Bu yalan dünyaya gəldim, gələli,
Sevərəm Qır atı, bir də gözəli.
Dəyib on beşimə kəndim biləli,
Sevərəm Qır atı, bir də gözəli.

Atın beli qısa, boynu uzunu,
Quru surətlisi, alma gözünü,
Qızın iplik-iplik süd bəyazını,
Sevərəm Qır atı, bir də gözəli.

Atı quş tutmasın çıxdığı zaman,
Yalı qaval kimi yıxdığı zaman,
At dörd, qız on beşə yetdiyi zaman,
Sevərəm Qır atı, bir də gözəli.

Dadaloğlum hiylə yoxdur işimdə,
İyid olan iyid görər duşunda,
At dördündə, gözəl on beş yaşında,
Sevərəm Qır atı, bir də gözəli.