Sevdiyim (Aşıq Pəri)

Sevdiyim
Müəllif: Aşıq Pəri
Məhəmməd bəy Aşiqə
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Ruşən gecəsində, xoş bir saatda,
Namə gəldi bu səhrayə, sevdiyim.
Yaxşılıq yazılsa yaman dəftərə,
Nə deyərsən bu binayə, sevdiyim.

Hər qul öz yerinin bünyadı olu,
Oxuyan kəslərin savadı olu,
Dərdlinin fələkdən amadı olu,
Minnət elər bu dünyayə, sevdiyim.

Ərzi tulanidi, bu müxtəsəri,
Çoxları eşqdən olub sərsəri.
Anlayıb əhli-dil olandan bəri,
Ömür baqi getdi zayə, sevdiyim.

Ey Pəri, müxtəsər bir cavab elə,
Şayəstədi rücu edə aqilə,
Rəqiblər danışır inqilab ilə,
Qoşulmaram mən hərcayə, sevdiyim.